İsrail evə hava hücumu nəticəsində 6 fələstinlini öldürüb

İsrail ordusuna məxsus döyüş təyyarəsinin Qəzza şəhərində bir evə təşkil etdiyi hava hücumu nəticəsində 6 fələstinli ölüb, çoxlu sayda insan yaralanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Fələstinin rəsmi agentliyi "VAFA"nın yerli mənbələrə əsaslanaraq verdiyi xəbərdə, İsrail ordusuna aid döyüş təyyarəsinin Qəzza bələdiyyəsinin gəzinti sahəsi yaxınlığında Ebulhatal və Ziraat ailələrinə məxsus evi hədəf aldığı bildirilib.

Xəbərdə hava hücumu nəticəsində 6 nəfərin öldüyü, çoxlu sayda insanın yaralandığı bildirilib. "VAFA"nın hesabatında İsrail qüvvələrinin Qəzza şəhərinin cənub-şərqində bəzi yaşayış məntəqələrini və Qəzza zolağının mərkəzi hissəsindəki Nusayrat Qaçqınlar Düşərgəsinin şimalında bir neçə binanı partlatdığı, ölən və ya yaralananların olub-olmadığı barədə məlumat verilmədiyi də qeyd olunub.

Fələstin Səhiyyə Nazirliyinin dünən verdiyi açıqlamada, İsrailin 7 oktyabr 2023-cü ildən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda ən az 16 min 795-i uşaq, 11 min 378-i qadın olmaqla 41 min 272 fələstinlinin öldüyü, 95 min 551 adamın yaralandığı bildirilib. Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə