Gəncin nənəsinə də yazığı gəlməyib...

…Altı ay öz doğma anası və ögey atasını zəhərləyən Moskva yaxınlığındakı Balaşixa sakini daha yeddi qətlə cəhddə, həmçinin nənəsinin ölümündə şübhəli bilinir.

Gəncin motivlərinin eqoist maraqlardan irəli gəldiyi bildirilir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RF İstintaq Komitəsinin region üzrə Baş İstintaq İdarəsi bildirib.

…İstintaq gənci iki nəfərin - müttəhimin nənəsi və dostunun zəhərlənməsi nəticəsində ölümündə, həmçinin valideynləri, bacısı, dayısı, rəfiqəsi və iki dostu da daxil olmaqla daha 7 nəfəri öldürməyə cəhddə iştirakda ittiham edir.

Bildirilir ki, ümumilikdə 25 yaşlı Balaşixa sakini doqquz nəfəri özünə qurban seçib. Ancaq nəticədə onlardan yalnız ikisini öldürə bilib - nənə və dost.

İstintaqın məlumatına görə, təqsirləndirilən şəxs bütün hallarda qurbanlarına əvvəlcədən zəhərlənmiş meyvə şirəsini təklif edib. Bəzən gənc “kimyəvi maddələr”i təkcə xörək duzuna deyil, həm də yeməyə əlavə etməyə əl atırmış.

…Qohumların zəhərlənməsinin əsas səbəbi daşınmaz əmlak olub. Onu da əlavə etmək yerinə düşərdi ki, dostları ilə münasibət qurarkən gənc ödəmək istəmədiyi pul borclarından qurtulmağı planlaşdırırmış.

Təqsirləndirilən şəxsin psixi vəziyyətinin müəyyən edilməsi üçün ona psixoloji və psixiatrik məhkəmə-tibbi ekspertizası təyin edilib. Eyni zamanda, işin bütün hallarının aydınlaşdırılması üçün sübutların toplanması davam edir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə