...Deməli, üç ildir ki, Ukrayna ilə müharibə edən və iqtisadiyyatı böhran içində olan Rusiya əmək miqrantlarına məhdudiyyətləri artırır.
SİA-nın əldə etdiyi məlumata görə, bu vəziyyət Rusiya cəmiyyətində miqrasiya əleyhinə əhval-ruhiyyəni daha da gücləndirib.
Ekspertlər bildirirlər ki, Rusiya hökumətinin gördüyü tədbirlər xarici işçi qüvvəsinə tələbatın yüksək olaraq qaldığı ölkəyə miqrant axınının kəskin azalmasına səbəb olub.
…Daimi yoxlamalar, müəssisələrə, bazarlara, yataqxanalara basqınlar, miqrant işçilərin ixtisarı, maaşlarının verilməməsi, region ölkələrindən Rusiyaya və əks istiqamətdə uçuşların gecikməsi, polis zorakılığı, əsassız deportasiya və ya cinayət məsuliyyəti, Ukrayna ilə müharibəyə göndərilmə…və daha nə bilim nələr, nələr…
Bütün bunlar “arxasız” əmək miqrantlarının Rusiyada yaşadığı reallıqlardır. Təbii ki, bu gün bu reallıqlara yeniləri də əlavə edilir…
…Rusiya Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyasının araşdırmasına görə, 2022-ci ildən sonra Rusiyaya əmək miqrantlarının axını COVİD-dən əvvəlki səviyyəyə qayıtmayıb.
Yenə həmin təşkilatın məlumatına görə, 2023-cü ildə Rusiyada əmək miqrantlarının sayı təxminən 3,5 milyon nəfər olub ki, bu da 2019-cu illə müqayisədə bir milyon azdır.
Qeyd edək ki, Rusiyaya işçi qüvvəsi verən əsas ölkələr vətəndaşlarının Rusiya Federasiyasına vizasız daxil olmaq hüququna malik olan Özbəkistan, Tacikistan və Qırğızıstandır.
Bu ölkələrdən olan əmək miqrantları Rusiyaya əmək miqrasiyasının 87 faizini təşkil edir.
Deyilənlərə görə, hər il Rusiyaya iş axtarmaq üçün gələn özbək əmək miqrantlarının sayı getdikcə azalır.
Rosstatın əmək miqrasiyası ilə bağlı əvvəllər dərc edilmiş statistikasına əsasən, keçən il Rusiyadakı Özbəkistan vətəndaşlarının sayı əmək miqrantlarının ümumi sayının cəmi 4 faizini təşkil edib. Rusiyaya iş axtarmaq üçün gələn miqrantların 31faizini SİA-nın dünən də yazdığı kimi, Tacikistan, ikinci yeri isə 10 faizlə Qırğızıstan vətəndaşları tutur.
…Ukrayna, Ermənistan və Qazaxıstanın hər biri 9 faiz təşkil edir.
Lakin 2024-cü ildə miqrasiya qanunvericiliyinin sərtləşdirilməsi Rusiyaya əmək miqrantlarının axını azalda bilər. Bu yaxınlarda Rusiya təbliğatı yenidən “miqrantların təhlükəsi” və “miqrantlar tərəfindən törədilən cinayətlərin artması” barədə danışmağa başlayıb.
Bunu görən bəzi populist və millətçi siyasi qruplar bəyan etməyə başlayıblar ki, Rusiyanın ən böyük problemi məhz “ruslardan iş götürən, ailələri ilə birlikdə Rusiya şəhərlərini işğal edən miqrantlardır”.
Məsələ bundadır ki, millətçi və irqçi ritorika hətta Rusiya rəsmiləri arasında da adi hala çevrilib.
…Ekspertlərin fikrincə, Ukraynaya qarşı müharibədən sonra Rusiyada başlayan iqtisadi böhran və beynəlxalq sanksiyaların tətbiqi rusları depressiyaya elə sürükləyib ki, indi onlar psixi eləcə də iqtisadi qeyri-sabitlikdə günahkar axtarmağa başlayıblar
Təbii ki, Kreml həmişə olduğu kimi qeyri-qanuni və arxasız əmək miqrantlarını və onların ailə üzvlərini “günahkar” edir.
Məhz buna görə də, Rusiyada yüksək rütbəli məmurlar, deputatlar və siyasətçilər bütün problemlərin miqrantlardan necə qaynaqlandığı və “miqrasiya məsələsini cilovlamaq vaxtının yetişdiyi” barədə danışmağa başlayıblar.
…Əslinə qalsa, bu gün Rusiyada məhdudiyyətlər təkcə miqrantlara qarşı deyil. Bu gün tənqidçilər deyirlər ki, demokratik azadlıqların və insan haqlarının pozulduğu bir ölkədə Putin rejimi istənilən müxalifəti susdurmaq, istənilən müxalifəti məhv etmək üçün çox çalışır…
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə