Bu, “yoxlama” yox, əsil adam ələ salmaq idi…

Miqrantlar - Moskva vilayətində təhlükəsizlik qüvvələrinin növbəti reydi haqqında danışıblar

...Bu arada bəzi tacik miqrantları Rusiya təhlükəsizlik qüvvələrinin Moskva vilayətinin Naro-Fominsk şəhərindəki “Detski mir” anbarlarına “basqını”nın təfərrüatlarını açıqlayıblar.

Onların sözlərinə görə, polis əməkdaşları, Milli Qvardiya və “Rusiya İcması” millətçi təşkilatının nümayəndələri “yoxlama” zamanı Mərkəzi Asiyadan olan yüzlərlə insanı ələ salıb və təhqir ediblər.

SİA-nın əldə etdiyi məlumata görə, Rusiya rəsmiləri bununla bağlı hələ ki, heç bir rəsmi açıqlama verməyiblər.

…Təhlükəsizlik məqsədilə anonim danışan miqrantlardan biri bildirib ki, bütün miqrantlar səhərdən axşama kimi iş yerlərinin yaxınlığında saxlanılıb.

Onlar əlləri öndəkilərin çiyinlərində hərəkətsiz dayanmağa və bir yerdə oturmaq məcburiyyətində qalıblar. Qeyd edək ki, miqrantlardan biri dediklərini sübut etmək üçün “reyd” zamanı çəkilmiş bir neçə video da göndərib.

…Mənə dedilər ki, ayağa qalx, otur, qalx, otur, qalx, otur…

Əslində bütün bu adamların sənədləri qaydasında idi, amma kimə deyəsən?

Maraqlıdır ki, polis və təhlükəsizlik qüvvələri hər kəsin öz işi ilə məşğul olduğu bir vaxtda əməliyyat keçirib. Ruslar bunu “yoxlama” adlandırırdılar, amma bu “yoxlama” yox, əsil adam ələ salmaq idi.

Qeyd edək ki, bu “yoxlama”da Daxili İşlər Nazirliyindən, Rusiya Qvardiyasından, OMON-dan, “Rus icmasından” və demək olar ki, bütün dövlət orqanlarından adamlar olub.

…Deyilənlərə görə, Rusiyadakı miqrantlar son aylar belə yoxlamalara öyrəşiblər. Yoxlama zamanı bu anbarlardan birində yaşayan miqrant deyir ki, o əvvəl müfəttişlərin sənədlərə baxıb gedəcəklərini düşünüb, lakin bu dəfəki reyd uzanıb və çox alçaldıcı olub.

…Belə ki, saat 10-da içəri girdilər, adamları toplayıb axşam saat dördə qədər saxladılar, onları ələ salmağa başladılar.

Bunu “Miqrant Media”nın həmsöhbəti bildirib.

…Naro-Fominskdəki anbarda bir çox şirkətlərin işçiləri çalışır. Neçə adamın aparıldığını bilmirəm, heç nə deyə bilmərəm…

Bunu da həmən miqrant deyib.

…Deyim ki, əslinə qalsa, tacik miqrantlara qarşı bütün bu haqsızlıqlar Tacikistan hakimiyyətinin səriştəsizliyi ilə əlaqələndirilməlidir. Çünki onlar hələ də öz vətəndaşlarının hüquqlarının müdafiəsi üçün təsirli tədbirlər görmürlər.

Onu da qeyd edək ki, ötən həftə Tacikistanın Rusiyadakı səfirliyi vətəndaşlara müraciət edərək müvəqqəti olaraq Rusiyaya səfərdən çəkinməyə çağırıb.

…Və son statistikaya görə, Rusiyada 1 milyona yaxın Tacikistan vətəndaşı yaşayır və işləyir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə