Myanmada ölənlərin sayı 226-ya yüksəlib

Myanmada "Yagi" qasırğasının səbəb olduğu güclü yağışlar nəticəsində meydana gələn sel və torpaq sürüşmələrində həyatını itirənlərin sayı 226-ya yüksəlib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, BBC-nin məlumatına görə, Vyetnam, Laos və Taylandın şimalını vuran və böyük fəsadlar törədən "Yagi" qasırğası Myanmada da həyata mənfi təsir edib. Qasırğa bütün regionda 500-dən çox insanın həyatına son qoyub.

Myanmadakı xunta rəhbərliyi "Yagi" qasırğasının səbəb olduğu güclü yağışlar nəticəsində meydana gələn sel və torpaq sürüşmələrində 226 nəfərin həyatını itirdiyini, təxminən 80 nəfərin isə hələ də itkin düşdüyünü açıqlayıb. Şərqi Şan əyalətində bir çox kəndin, eləcə də Mandalay və Baqo bölgələrinin mərkəzi hissələrinin su altında qaldığı, yüz minlərlə hektar əkin sahəsinin zədələndiyi bildirilib. Bundan əlavə, Mon, Kayah və Kayin əyalətləri də qasırğadan ciddi zərər çəkib.

Birləşmiş Millətlər Təşkilatı (BMT) qasırğanın vurduğu ölkədə 500 mindən çox insanın təcili qida, içməli su, sığınacaq və geyimə ehtiyacı olduğunu açıqlayıb. Myanma hərbi hökumətinin lideri general Min Aunq Hlainq digər hərbi rəsmilərin müşayiəti ilə qasırğadan zərər çəkmiş bölgələrə baş çəkib və orada xilasetmə, yardım və bərpa işlərini yoxlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə