İsrailin qaçqın düşərgəsinə hücumu nəticəsində 10 nəfər ölüb

İsrail ordusunun Qəzza zolağının mərkəzi hissələrində Nusayrat Qaçqınlar Düşərgəsindəki bir evə təşkil etdiyi hücumda aralarında qadın və uşaqların da olduğu 10 nəfər ölüb, 13 nəfər yaralanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Nusayrat Qaçqınlar Düşərgəsindəki Əl-Avde Xəstəxanasından verilən açıqlamada İsrail ordusunun düşərgədəki bir evi bombaladığı bildirilib. Hücum nəticəsində 10 nəfərin öldüyü, 13 nəfərin yaralandığı bildirilib.

Hadisə şahidlərinin sözlərinə görə, ölənlər arasında qadın və uşaqlar da var. İsrail döyüş təyyarələrinin vurduğu evin tamamilə dağıldığı, mülki müdafiə qruplarının dağıntılar altında axtarış-xilasetmə işlərini davam etdirdiyi bildirilir.

Qeyd edək ki, İsrailin 7 oktyabr 2023-cü ildən bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 16 min 795-i uşaq, 11 min 378-i qadın olmaqla 41 min 206 fələstinli həyatını itirib, 95 min 337 nəfər isə yaralanıb. Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilsə də, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə