İran orbitə yeni peyk buraxdığını elan edib

…İran İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələri “Çamran-1” adlı yeni peykin kosmosa buraxıldığını elan edib. İRNA dövlət xəbər agentliyinin məlumatına görə, çəkisi 60 kiloqram olan qurğu 660 kilometrlik orbitə buraxılıb.

SİA-nın əldə etdiyi məlumata görə, peyki orbitə çıxaran İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ hakimiyyəti tərəfindən terror təşkilatı kimi tanınır.

“Azadlıq” radiosunun İran xidməti xəbər verir ki, “Çamran-1”in vəzifəsi, rəsmi məlumatlara görə, peyk naviqasiya sistemi, elektronika və kosmosda manevr texnologiyalarının imkanlarını öyrənmək olacaq.

Peyk “Gay-100” daşıyıcı raketi ilə orbitə çıxarılıb, bu, onun son bir ildə ikinci uğurlu buraxılışıdır. Möhkəm yanacaq daşıyan raket mobil buraxılış qurğusundan buraxıla bilər və potensial olaraq hərbi məqsədlər üçün istifadə oluna bilər.

Birləşmiş Ştatlar bundan əvvəl İran peykinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olduğunu bildirmişdi. Vaşinqton Tehranı nüvə silahı daşıya bilən ballistik raketlərlə bağlı heç bir addım atmamağa çağırıb. İranın raket proqramı ilə bağlı BMT sanksiyalarının müddəti ötən ilin oktyabrında başa çatıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə