Türkiyə Yaxın Şərqin mürəkkəb və dəyişən dinamikasında...

TRT "Türkiyənin səsi" radisounda mövzu ilə bağlı Türkiyə Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondu – SETA-nın direktoru, professor Murat Yeşiltaşın məqaləsini təqdim edirik. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

...2024-cü il sentyabrın 4-də paytaxt Ankarada Türkiyə ilə Misir arasında keçirilən Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Toplantısı iki ölkə arasında münasibətlərdə əhəmiyyətli dəyişiklik və yenidənqurma prosesinə işarə edir. Toplantının yekunu olaraq 16 saziş imzalanıb və 36 maddədən ibarət birgə bəyannamə yayınlanıb. Bu razılaşmalarda və bəyannamədə vurğulanır ki, 10 ilə yaxın davam edən fikir ayrılığı və gərginlik dövründən sonra iki ölkə arasında münasibətlər yenidən normallaşma mərhələsinə keçib. Xüsusilə 2013-cü ildə Misir prezidenti Məhəmməd Mursinin vəzifədən uzaqlaşdırılmasından sonra yaranan gərginliyin sona çatması regional sabitlik baxımından mühüm inkişaf kimi qiymətləndirilir.

Gərginlik dövrü rəsmi Ankara ilə Qahirənin müxtəlif beynəlxalq məsələlərdə bir-biri ilə rəqabət aparmasına səbəb oldu. Liviya bu rəqabətin ən mühüm nümunələrindən biri idi. Misir Liviyada vəziyyəti tarazlaşdırmağa çalışarkən Türkiyənin bu ölkədəki təsirini məhdudlaşdırmaq üçün strategiya qəbul etdi. Digər tərəfdən, Şərqi Aralıq dənizində enerji resursları uğrunda rəqabət iki ölkə arasında münasibətlərin daha da gərginləşməsinə səbəb oldu. Belə bir dövrdə Türkiyə Liviya və Şərqi Aralıq dənizində daha iddialı xarici siyasət yeritməklə Misirin müxalif mövqelərinə cavab verdi.

İki dövlət Yaxın Şərqin mürəkkəb və dəyişən dinamikasında ideoloji və geosiyasi mübarizəyə girdi. Bu proses zamanı iqtisadi əlaqələr iki ölkə arasında əlaqələri qoruyan körpü rolunu oynamışdı. İqtisadi əməkdaşlıq, diplomatik və kəşfiyyat səviyyələrində dialoqlar münasibətlərin tam pozulmasının qarşısını aldı. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Misir prezidenti Əbdülfəttah əs-Sisinin 2022-ci ildə Qətərin paytaxtı Dohada keçirilən Dünya Çempionatı zamanı görüşü onlara iki ölkə arasındakı psixoloji həddi aşmağa kömək etdi. Bu görüş iki dövlətin öz səfirlərini yenidən təyin etmək və münasibətləri normallaşdırmaq barədə qərar qəbul etmələrinə yol açdı. R.T.Ərdoğanın 2024-cü ilin fevralında Misirə səfəri Türkiyə-Misir münasibətlərində mühüm dönüş nöqtəsi oldu.

KEÇİD

Dəyişən dinamiklər. Yeni dövrdə Türkiyə-Misir münasibətləri bir çox strateji aspektlərdə yenidən formalaşıb. 2013-cü illə müqayisədə Yaxın Şərq və Şimali Afrika (MENA) regionunun strateji mühitində əhəmiyyətli dəyişikliklər baş verib. “Ərəb baharı”ndan sonra yaranan münaqişə atmosferi çox dəyişsə də, iki ölkənin regional mövqelərində ciddi fərqlər var. Liviyadakı vəziyyət Türkiyə ilə Misir arasındakı münasibətlərdə hələ də mühüm problem olaraq önə çıxır. Misir Liviyanın şərqində güclü hərbi və diplomatik varlığa malik olsa da, Türkiyə Liviyanın qərbində mühüm hərbi və siyasi aktordur. Bu, onu göstərir ki, iki ölkə arasında hərbi və siyasi rəqabət Liviyadakı münaqişənin həllini çətinləşdirə bilər. Həm rəsmi Ankara, həm də Qahirə Liviyada siyasi sabitliyi təmin etmək və ərazi bütövlüyünü qorumaq üçün ümumi yanaşmanı mənimsəməlidir.

Şərqi Aralıq dənizində regional mühit də əhəmiyyətli dərəcədə dəyişib. Türkiyənin hərbi, iqtisadi və siyasi güc baxımından daha təsirli bir rol oynadığı ortaya çıxıb.

Misir enerji geosiyasətində mühüm rol oynayır. Hər iki ölkə Aralıq dənizində dəniz yurisdiksiyaları baxımından mühüm oyunçulardır. İsrail istisna olmaqla, Türkiyə-Misir münasibətləri 2020-ci illərdə başlayan regional normallaşma ilə formalaşan yeni çərçivədə yenidən tənzimlənməlidir. Türkiyənin Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanı ilə münasibətləri normallaşdırması Ankara-Qahirənin normallaşmasına dəstək verib. Bundan əlavə, Qətərin Körfəz daxilində normallaşma prosesi və münaqişə dövrlərinin sona çatması iki ölkə arasında münasibətlərin yenidən qurulmasına töhfə verib.

KEÇİD

2023-cü il oktyabrın 7-də İsrailin regionda sabitliyi pozan rolu ərəb geosiyasi hövzəsində Türkiyə və Misirin hərbi və diplomatik əhəmiyyətini daha da artırdı. Qəzzadakı münaqişə sərhəd təhlükəsizliyi və humanitar böhrandan daha çox hər iki ölkə üçün milli təhlükəsizlik probleminə çevrilib. Türkiyə və Misirin İsraili atəşkəsə məcbur etmək üçün diplomatik səyləri iki ölkəni ortaq məqsədlərə yönəltmiş ola bilər. Qəzzada müharibəyə son qoyulması, daimi atəşkəs elan edilməsi, bölgəyə humanitar yardım çatdırılması, regionun yenidən qurulması və 1967-ci il sərhədlərinə əsaslanan müstəqil Fələstin dövlətinin qurulması Türkiyə və Misirin ortaq görüşləridir.

Strateji çərçivə. Türkiyə-Misir münasibətləri yeni regional dinamika fonunda strateji xarakter alıb. İki ölkənin diplomatik əlaqələri iqtisadiyyat, ticarət, təhlükəsizlik, müdafiə, ətraf mühit və iqlim təşəbbüsləri kimi geniş spektrdə inkişaf edir. İqtisadi hədəflər arasında 15 milyard dollarlıq ticarət həcmi var ki, bu da hər iki dövlətə iqtisadi imkanlar verir.

Əməkdaşlığın zəruriliyi. Türkiyənin Afrika Buynuzu bölgəsindəki rolu da əlaqələr baxımından əhəmiyyətli bir strateji dəyişəndir. Türkiyə Şimali Afrika, Şərqi Afrika və Sahel bölgəsində strateji əhatəsini genişləndirib. Misir özünün strateji prioritetlərini, xüsusilə Şimali Afrika və Afrika Buynuzu bölgəsində yenidən müəyyən etməlidir. Sudandakı vətəndaş müharibəsi, Misir və Efiopiya arasındakı mübahisələr, Somali ilə Efiopiya arasında artan hərbi və siyasi münaqişə riski Türkiyə-Misir münasibətlərinə strateji təsir göstərir. Ona görə də rəsmi Ankara və Qahirə Afrika Buynuzu bölgəsindəki problemlərin həlli üçün birgə hərəkət etməlidir.

Nəticə etibarı ilə Türkiyə-Misir münasibətlərinin yeni strateji çərçivəsi hər iki ölkədən ehtiyatlı davranmağı, münasibətlərini regional böhranlardan qorumaq üçün mexanizmlər hazırlamağı, tərəfdaşlıq əlaqələrini institut sionallaşdırmaq üçün yeni xarici siyasət, təhlükəsizlik, müdafiə və kəşfiyyat memarlığının yaradılmasını istəyir. İki ölkə arasında bu yeni dövr həm regional, həm də beynəlxalq səviyyədə strateji əməkdaşlığı gücləndirəcək və regional sabitliyin təmin olunmasına mühüm töhfələr verəcək. Bu kontekstdə Türkiyə ilə Misir arasındakı əməkdaşlıq təkcə ikitərəfli münasibətlərin deyil, həm də regional və qlobal sabitliyin təmin edilməsində mühüm rol oynamağa davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə