Görən, Simonyan, Skabeeva və Solovyov hara göndəriləcək?

Deyilənlərə görə, Solovyov İtaliyadakı villasına getmək istəyir, amma...

...Gərək ki, eşitmiş olarsınız, Putin əsas və sadiq təbliğatçılarından biri olan teleaparıcı, azərbaycanlı olduğu deyilsə də, amma Azərbaycana heç bir xeyiri dəyməyən İradə Zeynalovanı Mavrikiyaya (Hind okeanındakı adalarda kiçik bir dövlətdir-A.B.) səfir təyin edib.

Bəzi rus saytlarının yazdığına görə, guya İradənin gedəcəyi yer əla yerdir, ağ qum, mərcan riflər, bütün il boyu temperatur +23-dən yuxarı...

Necə deyərlər, “gəl apar, ay kasıb”..?

Deyim ki, bəzi rus saytlarının yazdığına görə, guya Zeynalova Putin üçün bir neçə il vicdanla işlədiyinə görə, mükafat olaraq “kokos çeynəyib, banan yeməyə” göndərilir.

Görəsən, ruslar buna paxıllıq eləmirlər ki..? Nə bilmək olar.

Deyim ki, mən də bilmirəm, amma bir başqa...bəzi rus saytları da var ki, onlar Zeynalovaya yeni işində “uğurlar” arzulamaqla yanaşı, İradəni iradəli olub ehtiyatla işləməyi və sonradan Natalya Poklonskayanın həyatını yaşamamağı məsləhət görürlər.

...Hə, Natalya Poklonskayanı tanımırsınızsa, xatırladım ki, o da bir vaxtlar Putin üçün vicdanla işləyən bir “kadro” olub.

Və sonradan “vicdanlı işinə” görə, irəli çəkilərək Cape Verde (...bu ada mərkəzi Atlantik okeanında 10 böyük və 8 kiçik adadan ibarət arxipelaqdır-A.B.) adalarına səfir təyin edilmişdi.

Edilmişdi ona görə deyirəm ki, sonradan koronavirus pandemiyası zamanı QR kodlarına ("tez cavab kodu - A.B.) qarşı danışarkən nəsə bir “quş” buraxdı.

Və bu “quş”dan sonra da diplomatik karyerası “şəxsi səbəblərə görə” başa çatdı..?

...Nə isə, əslində elə də köhnə olmayan palan içi eşməyib, gəlin, irəli baxaq. İrəlidə kimlərdir..?

...Hə, indi mənim üçün maraqlıdır, görəsən, bu günün uğurlu təbliğatçıları olan Simonyan, Skabeeva, Solovyova hansı ekzotik adalara səfir kimi (?) göndəriləcəklər?

Deyilənlərə görə, Solovyov İtaliyadakı villasına getmək istəyir, amma hara,.. axı orada onunla müqavilə bağlamayacaqlar, çünki...

...Əşi, hamısı bizə qalmayıb ki, açıb ağardaq...

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə