Maşinistsiz yüksək sürətli qatarlar gəlir

Maşinistsiz yüksək sürətli qatarlar gəlir

"East Japan Railway" Yaponiyanın məşhur "Şinkansen" yüksək sürətli qatarlarının on il ərzində maşinistsiz ölkəni gəzə biləcəyini açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, əhalinin azalacağını və işçi qüvvəsinin çatışmazlığını gözləyən sözügedən şirkət, 2028-ci ildən müəyyən bir marşrut üzrə qatarları sınaqdan keçirəcəyini söyləyib və bildirib ki, burada maşinistin tapşırıqlarının əksəriyyəti avtomatlaşdırılacaq, lakin maşinist qatarda qalacaq.

Şirkət daha sonra 2030-cu illərin ortalarında Tokio və Niigata arasında 100 faiz sürücüsüz xətt istifadəyə verməzdən əvvəl, 2029-cu ildən etibarən xidmətdən kənar xəttin kiçik bir hissəsində tam avtomatlaşdırılmış qatarlardan istifadə etməyə ümid edir.

“Sürücüsüz idarəetməni inkişaf etdirməklə və rels sistemlərinin idarə edilməsini daha səmərəli və dayanıqlı etməklə biz demoqrafik tənəzzül və insanların iş tərzində islahatlar kimi sosial dəyişikliklərə uyğunlaşacağıq”, - deyə şirkətdən bildirilib.

Şirkətin sözçüsü, bu layihənin arxasında duran əsas motivasiyanın "işçi çatışmazlığı və digər problemlərin həllinə kömək edə biləcək dəmir yolu texnologiyasında davamlı yeniliklərə ehtiyac" olduğunu söyləyib.

"Şinkansen" qatarları avtomatlaşdırmanın planlaşdırıldığı xəttdə 275 km/saat sürətə çatsa da, bəzi digər marşrutlarda 300 km/saat sürəti keçə bilir. Əhalisi yaşlanan və azalan Yaponiya hazırda bir çox sektorlarda işçi çatışmazlığı ilə üzləşir. Yaponiya hökumətinin 2023-cü ildə dərc etdiyi məlumatlara görə, hazırda əhalinin 10 faizindən çoxu 80 yaşdan yuxarı, təxminən 30 faizi isə 65 yaşdan yuxarı insanlardır.

Bütün xəbərlər Facebook səhifəmizdə