Səhiyyə işçilərinə silahlı hücum olub - ölənlər var

Səhiyyə işçilərinə silahlı hücum olub - ölənlər var

Pakistanın şimal-qərbində peyvənd kampaniyası aparan tibb işçilərinə silahlı hücum nəticəsində iki nəfər həyatını itirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Pakistan mediasının məlumatına görə, Əfqanıstanla sərhəddə, Hayber Paxtunxva əyalətinin Bacaur rayonunun Salarzai kəndində poliomielit əleyhinə peyvənd kampaniyası aparan tibb işçilərinə silahlı hücum edilib.

Polis qüvvələrinin verdiyi açıqlamada silahlı şəxslərin atəş açması nəticəsində 1 polis və 1 tibb işçisinin həlak olduğu bildirilib. Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib. Effektiv peyvənd kampaniyaları sayəsində bir çox ölkədə aradan qaldırılan və ya xeyli azalan poliomielit halları hazırda peyvənd əldə etmək imkanının məhdud olduğu Əfqanıstan və Pakistanda baş verməkdə davam edir. Pakistanda tez-tez rast gəlinən tibb işçilərinə hücumlar peyvənd kampaniyalarını da pozur. Pakistan həftənin əvvəlində yeni poliomielit peyvəndi kampaniyasına başlayıb və 30 milyon uşağa peyvənd ediləcəyini açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə