"Krımın Ukraynaya qaytarılması beynəlxalq hüququn tələbidir"

IV Krım Platforması Liderlər Zirvə toplantısına göndərdiyi videomüraciətində R.T.Ərdoğan deyib ...

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə dəstəyimiz daimidir. Krımın Ukraynaya qaytarılması beynəlxalq hüququn tələbidir" deyib.

SİA-nın əldə etdiyi məlumata görə, IV Krım Platforması Liderlər Zirvə toplantısına göndərdiyi videomüraciətində R.T.Ərdoğan deyib: “Sammitin təşkilində əməyi olan hər kəsə, xüsusilə Ukrayna prezidenti Volodimir Zelenski və Krım Tatar Türklərinin ümummilli lideri Mustafa Kırımoğluna təşəkkürümü bildirirəm.

Builki sammit Krım tatar xalqının sürgününün 80-ci ildönümünə təsadüf edir. Öz yurdlarından zorla çıxarılan Krım tatar türklərinin çəkdiyi faciənin ağrıları 80 ildir ki, sürür, yaraları sağalmır.

Türkiyə ilk gündən Krımın ilhaqına qarşı çıxıb. Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə dəstəyimiz daimidir. Krımın Ukraynaya qaytarılması beynəlxalq hüququn tələbidir.

Krımın yerli xalqlarından olan tatar türklərinin təhlükəsizliyi və rifahının təmin edilməsi Türkiyənin xarici siyasətinin prioritetlərindəndir.

Ukrayna hökumətinin Krım tatar türklərinin hüquqlarını möhkəmləndirmək üçün irəli sürdüyü hüquqi tənzimləmələrdən bir daha məmnunluğumuzu dilə gətirirəm. İnanıram ki, Krım tatar türklərinin hüquqlarının gücləndirilməsi istiqamətində yenə addımlar atılacaq. Onların öz vətənlərində azad, təhlükəsiz və dinc yaşamaq haqqı var.

Krım Tatar Milli Məclisinin sədr müavini Neriman Cəlalın 3 ilə yaxın əsirlikdən sonra 2024-cü ilin iyun ayında azad edilməsi sevindirici xəbərdir. Asan və Əziz Ahmetov qardaşları da daxil olmaqla, bütün Krım tatar soydaşlarımızın ən qısa zamanda azadlığa buraxılmasını gözləyirik.

Səmimi arzumuzdur ki, müharibə Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi əsasında ədalətli və daimi sülhlə başa çatsın.

Sözlərimi yekunlaşdırarkən ümid edirəm ki, platforma çərçivəsində həyata keçirdiyimiz işlər Krımda, Ukraynada və regionumuzda sülhün təmin edilməsi istiqamətində beynəlxalq səylərə töhfə verəcək.

Sürgünlərinin 80-ci ildönümündə dünyasını dəyişən Krım-tatar türk soydaşlarımızın əziz xatirələrini bir daha ehtiramla yad edirəm”.

Bütün xəbərlər Facebook səhifəmizdə