İran prezidenti Pezeşkian ilk xarici səfərini İraqa edib

İran prezidenti Pezeşkian ilk xarici səfərini İraqa edib

İran prezidenti Məsud Pezeşkian ilk xarici səfərini İraqa edib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, İraq Baş Nazirliyinin mətbuat xidmətindən verilən açıqlamaya görə, İraqın baş naziri Məhəmməd Şia əl-Sudani Pezeşkianı Bağdad Beynəlxalq Hava Limanında rəsmi mərasimlə qarşılayıb.

Sudani İranlı nazirlərdən ibarət nümayəndə heyətinin müşayiəti ilə İran prezidenti ilə hərtərəfli danışıqlar aparacaq. İki lider vergi əməkdaşlığı, kənd təsərrüfatı, təbii sərvətlər, rabitə, sosial müdafiə, gənclər və idman, təhsil, turizm, mədəniyyət, tarix əsərləri, peşə təhsili və inkişafı sahələrində anlaşma memorandumunun imzalanma mərasimində də iştirak edəcək.

Pezeşkian İraq prezidenti Əbdüllətif Rəşid, parlament sədri vəzifəsini icra edən Muhsin Mendelavi və bəzi siyasi liderlərlə də görüşəcək. İran prezidenti həmçinin Nəcəf, Kərbəla, Bəsrə və Ərbilə də səfər edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə