Misir prezidenti Əbdülfəttah əs-Sisi prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə ilk dəfə Türkiyəyə rəsmi səfər edib. Ankara 12 il sonra Misirdən prezident səviyyəsində səfərə ev sahibliyi edib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Görüşdə İsrailin Qəzzada aylardır həyata keçirdiyi soyqırım müzakirə olunub. Prezident Rəcəb Tayyib Ərdoğan deyib: "Türkiyə və Misir Fələstin məsələsində birgә mövqe nümayiş etdirir. 11 aydır davam edən soyqırıma son qoyulması, ən qısa zamanda daimi atəşkəsin təmin edilməsi və humanitar yardımların maneəsiz bölgəyə çatdırılması ilkin prioritetimizdir”.

Misir prezidenti Sisi də rəsmi Ankara və Qahirənin Fələstin mövzusunda birgə səylərinin əhəmiyyətinə diqqət çəkib.

Əbdülfəttah əs-Sisi deyib:“Biz dərhal atəşkəsin təmin edilməsi, İordan çayının qərb sahilindəki işğala son qoyulması və 1967-ci il sərhədləri daxilində paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin qurulmasının vacibliyini vurğuladıq. Humanitar yardımın Qəzzaya çatdırılmasını təmin etmək üçün əlimizdən gələni edirik”.

Danışıqlarda iki ölkə arasında ortaq layihələrin həyata keçirilməsi və ticarət həcminin artırılması məsələsi dә qiymətləndirilib.

Prezident Rəcəb Tayyib Ərdoğan deyib: “Sənaye, ticarət, müdafiə, səhiyyə, ətraf mühit və enerji daxil olmaqla, hər sahədə əməkdaşlığımızı inkişaf etdirməklә bağlı niyyәtimizi ifadə etdik. Türkiyə Misirin ən yaxşı 5 ticarət tərəfdaşından biridir. 5 il ərzində ticarət həcmimizi 15 milyard dollara çatdırmağı planlaşdırırıq və bu hədəfimizə doğru qətiyyətlə irəliləyirik”.

Bu çərçivədə iki ölkə arasında mülki aviasiyadan sənaye əməkdaşlığına, ətraf mühitdən səhiyyəyə qədər 17 müqavilə imzalanıb.

Qeyd etməliyik ki, Türkiyə ilə Misir arasında enerji sahəsində Anlaşma Memorandumu da imzalanıb.

Bəs tərəflər enerji məsələsinə niyə bu qədər əhəmiyyət verir?

Xatırladaq ki, 2017-ci ildə Misir və Afina administrasiyaları arasında dəniz yurisdiksiyası ərazilərini müəyyən edən sənəd imzalanıb. Türkiyə bu birtərəfli razılaşmanı tanımayıb.

Rəsmi Ankara 2019-cu ildə Liviya ilə Aralıq dənizindəki dəniz sərhədlərinə dair әmәkdaşlıq müqavilәsi imzalayıb.

Beləliklə, rәsmi Afina və Cənubi Kipr Yunan Administrasiyası Türkiyənin razılığı olmadan Şərqi Aralıq dənizində heç bir addım ata bilməyəcəklərini anlayıb.

Ankaranın bu addımından sonra Kipr adası üzərindən Yunanıstana çəkilməsi planlaşdırılan ''Euromed'' təbii qaz boru kəməri layihəsi nəticəsiz qalıb. ABŞ-ın sazişdən çıxması layihəni tamamilə iflasa uğradıb.

Bu Türkiyənin yeni addımlar atmasına səbəb olub. Şərqi Aralıq dənizində həyata keçirilən fasiləsiz seysmik araşdırma və karbohidrogen yataqlarının axtarışı Misirin də Türkiyənin olmadığı müqavilənin reallığını sorğulamasına səbəb olub.

Diplomatik mənbələrin yaydığı məlumata görə, iki ölkə arasındakı münasibətlərin sürətlə normallaşması regionun gələcəyi üçün böyük əhəmiyyət kəsb edir.

Ankara-Qahirə arasındakı normallaşma prosesi yüksək səviyyədə irəlilədi.. Tərəflərin yaydığı müsbət mesajlarından sonra, Türkiyәdәn Misirә ilk yüksәk sәviyyәli sәfәr Türkiyәnin xәzinә vә maliyyә naziri Nurәddin Nebati tәrәfindәn hәyata keçirildi.. Sәfәr 2022-ci ilin iyun ayında Qahirәdә keçirilәn İslam İnkişaf Bankının illik toplantısı çәrçivәsindә reallaşdı.

Prezident Rəcəb Tayyib Ərdoğan və Misir Prezidenti Əbdülfəttah əs-Sisi isə 2022-ci ilin noyabrında keçirilən Dünya Çempionatı çərçivəsində görüşdülәr.

Rəcəb Tayyib Ərdoğan fevralın 14-də Misirə rəsmi səfər etdi. İki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün bir çox sənədlər imzalandı.

Sisinin son səfəri ilə tərəflər arasında strateji dialoq mexanizmləri tamamilə normallaşdı..

Türkiyə ilə Misirin xüsusilə enerji sahəsində əməkdaşlığı inkişaf etdirəcəyi gözlənilir.

Əsas məqsəd tərəflərin dəniz sәrhәdlәri ilə bağlı ətraflı dialoq mexanizmi yaratması və Şərqi Aralıq dənizində mühüm tərəfdaşlıqlar qurmasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə