Avropa Maduronu Venesuela prezidenti kimi tanımayacaq...

Avropa Maduronu Venesuela prezidenti kimi tanımayacaq...

...Avropa İttifaqının xarici işlər nazirləri cümə axşamı, avqustun 29-da keçirilən iclasda Nikolas Maduronun Venesuelanın seçilmiş prezidenti kimi legitimliyinin tanınmaması təklifini dəstəkləyiblər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Avropa İttifaqının baş diplomatı Josep Borrell görüşün yekunlarına dair brifinqdə bildirib.

O deyib ki, Avropa İttifaqı nazirləri Venesueladakı vəziyyəti müzakirə edərkən “demokratik prosesi müdafiə etməyə” və müxalifətlə sıx əlaqə saxlamağa razılaşıblar.

...Heç bir yoxlama olmadığından və qorxuram ki, heç vaxt olmayacaq, biz Maduronun seçilmiş prezident kimi legitimliyini qəbul edə bilmərik. Şura qərara gəldi ki, Maduronun prezident kimi demokratik legitimliyi yoxdur.

Josep Borrell “xırdalayıb” bunu.

... Maduro Venesuelanın “de-fakto” prezidenti olaraq qalır, lakin Avropa İttifaqı “təsdiq edilə bilməyən bir nəticəyə əsaslanaraq onun demokratik legitimliyini” inkar edir.

Avropa İttifaqı nazirləri həmçinin Venesuelada insan haqlarının pozulmasına diqqəti davam etdirməyə, xüsusən də həbsdə olan müxalifətçilərin və jurnalistlərin azadlığa buraxılmasını tələb etməyə, habelə böhranın həlli üçün regional səylərə dəstək verməyə razılaşıblar.

...Venesuelanın Seçki Şurası 2013-cü ildən hakimiyyətdə olan Nikolas Maduronu iyulun 28-də keçirilən seçkilərin qalibi elan edib. Ölkənin müxalifəti deyir ki, onun namizədi Edmundo Qonzales səslərin təxminən 90 faizinin hesablanması ilə qalib gəlib.

Seçkilərdən sonra Qonzalesin tərəfdarları etiraz etmək üçün küçələrə çıxsalar da, təhlükəsizlik qüvvələrinin və hökumətyönlü silahlı dəstələrin basqısına tuş gəliblər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə