Fransada ötən ay keçirilən 2024 Paris Olimpiya Oyunları zamanı paytaxtdan sıxışdırılan evsizlərlə bir daha gündəmə gələn mənzil problemi dərinləşərkən, küçədə yaşayan uşaqların sayı son dörd ildə 120 faiz artıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, ölkədəki əcnəbilərin hüquqlarını müdafiə edən və 1000-ə yaxın assosiasiyanın üzvü olan Həmrəylik Aktyorları Federasiyası (HAF) və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) Fransa tərəfindən dərc edilən məlumatlar, ölkədə evsiz uşaqların sayının 2 mini keçdiyini göstərib.
UNICEF Fransa evsiz uşaqların sayının ilk dəfə olaraq 2 min limiti keçdiyini və bunun "həyəcanverici" bir artım olduğunu bildirib. 2020-ci ildə 927 olan evsiz uşaqların sayı 4 ildə 120 faiz artıb və bu il küçələrdə olan 2 mindən çox uşaqdan 467-si üç yaşdan kiçik olub.
HAF prezidenti Paskal Brice hökumətin 2022-ci ildə bu vəziyyəti düzəltmək üçün öhdəlik götürdüyünü, lakin hələ də həll yolunun tapılmadığını bildirib.
UNICEF-in Fransa üzrə prezidenti Adeline Hazan deyib: "Evsiz uşaqların sayının amansız artması faciədir. Bizim barometrimiz altıncı dəfədir ki, Fransanın Uşaq Hüquqları üzrə Beynəlxalq Konvensiyanın prinsiplərini açıq şəkildə pozduğunu göstərir".
Bütün xəbərlər Facebook səhifəmizdə