Konqo Demokratik Respublikasında (KDR) "Mpox" epidemiyasında həyatını itirənlərin sayının 610-a çatdığı bildirilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Səhiyyə Nazirliyindən verilən açıqlamada daha 35 nəfərin "Mpox"dan öldüyü haqda məlumat verilib.
Açıqlamada ilin əvvəlindən epidemiyadan ölənlərin sayının 610-a çatdığı, şübhəli halların sayının isə 18 minə yaxınlaşdığı bildirilib. KDR-də yoluxanların 75 faizi 10 yaşından kiçik uşaqlardır. Məktəblərin açılması ilə epidemiyanın arta biləcəyi qeyd edilir.
"Mpox" virusu siçan və dələ kimi gəmiricilərdən və ya yoluxmuş şəxslərdən ötürülür. Virusun törətdiyi bədən səpgilərinə toxunmaq, bu səpgilərlə çirklənmiş paltar, çarşaf, dəsmal və bənzər əşyalardan istifadə etmək, bədən mayeləri ilə təmasda olmaq infeksiyanın ən mühüm səbəblərindəndir.
İlk simptomlar virusa yoluxduqdan sonra 5-21 gün ərzində görünə bilər. Virus ümumiyyətlə yüksək hərarət, baş ağrısı, kürək və əzələ ağrıları, şişkin limfa düyünləri, yorğunluq, üşütmə, üşümə və dəridə suçiçəyi kimi qabarcıqlara səbəb olur.
Spesifik müalicə üsulu olmayan xəstəlik antiviral dərmanlarla müalicə olunur. Əksər hallarda xəstəlik yüngül keçir və bir neçə həftə ərzində sağalır.
ÜST 2022-ci ildə irqçilik və ayrı-seçkiliklə bağlı narahatlıqlar səbəbindən "meymunçiçəyi" adını "mpox" olaraq dəyişdirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB