Polşanın iki əsgəri Belarusla sərhəddə yaralandı

Polşanın iki əsgəri Belarusla sərhəddə yaralandı

Belarusla sərhəddə post dəyişikliyi zamanı iki polşalı əsgər yaralanıb. SİA xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı “X” sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

“Saat 18:45 radələrində Nova Luka (Podlaskie Voyevodalığı) kəndi yaxınlığında qəza baş verib. Post dəyişdirilərkən silahların ötürülməsi zamanı xidməti silahdan nəzarətsiz atəş açılıb, nəticədə 18-ci mexanikləşdirilmiş diviziyanın 1-ci tank batalyonunun əsgəri ayağından yaralanıb”, - məlumatda deyilir.

Əsgərə yerindəcə ilkin tibbi yardım göstərilib, daha sonra helikopterlə Belostokdakı xəstəxanaya aparılıb. Komandanlığa əsasən, hazırda onun həyatı üçün təhlükə yoxdur, vəziyyəti stabildir.

Hadisə zamanı eyni bölmənin ikinci əsgəri də yaralanıb. O, barmağından yaralanıb. İlkin tibbi yardım göstərildikdən sonra o, Hajnovka xəstəxanasına aparılıb. Onun da həyatı təhlükəsi yoxdur. Hərbi polis hadisə yerində araşdırma aparır. Qeyd olunur ki, insidentdə üçüncü şəxslər iştirak etməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə