Qəzzada iki gündə 100 min fələstinli didərgin düşüb

Qəzzada iki gündə 100 min fələstinli didərgin düşüb

Qəzzanın Deyr əl-Bələh Bələdiyyəsi son 2 gündə İsrailin bölgəni boşaltma təhdidləri və bombardmanları nəticəsində təxminən 100 min fələstinlinin didərgin düşdüyünü açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Qəzza zolağının mərkəzi hissəsində yerləşən Deyr əl-Belah Bələdiyyəsi yazılı açıqlamada məsələ ilə bağlı məlumat verib. Açıqlamada, son iki gündə 100 min fələstinlinin İsrailin təxliyyə tələbləri və təhdidləri və bombardmanlar səbəbilə şəhərin şərqindən didərgin salındığı, 20 sığınacaq mərkəzinin isə xidmətdən çıxdığı bildirilib.

İsrail Qəzza zolağına hücumlara başladığı 7 oktyabr 2023-cü ildən bəri tez-tez təxliyə təhdidləri çərçivəsində Qəzzada olan fələstinliləri davamlı olaraq bir yerdən başqa yerə köçməyə məcbur edir.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin (OCHA) məlumatına görə, İsrail iyulun 1-dən avqustun 21-dək 16 “evakuasiya əmri” verib və avqustun 1-dən 16-a qədər təxminən 213 min fələstinlini məcburi köçkün vəziyyətinə salıb.

BMT-nin məlumatına görə, Qəzza zolağında yaşayan 10 nəfərdən 9-u İsrailin hücumları nəticəsində evlərini tərk edib. BMT-nin məlumatları da göstərir ki, Qəzzadakı fələstinlilərin əksəriyyəti ən azı ayda bir dəfə köçmək məcburiyyətində qalır.

İsrailin hücumlarından xilas olan məcburi köçkün fələstinlilər sığındıqları bölgələrdə çətin şərtlər altında primitiv çadırlarda həyata tutunmağa çalışırlar.

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 16 min 480-i uşaq, 10 min 980-i qadın olmaqla 40 min 265 fələstinli həyatını itirib, 93 min 144 nəfəri yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə