ABŞ Almaniyaya 5 milyard dollarlıq Patriot satışına icazə verdi

ABŞ Almaniyaya 5 milyard dollarlıq Patriot satışına icazə verdi

ABŞ administrasiyası Almaniyaya ümumi dəyəri 5 milyard dollar olan 600 Patriot raket avadanlığının satışını təsdiqləyib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Pentaqonun Müdafiə Təhlükəsizlik və Əməkdaşlıq Agentliyinin Konqresə etdiyi bildirişə görə, ABŞ Dövlət Departamenti Almaniyaya yeni silah satışını təsdiqləyib.

Açıqlamaya görə, Almaniyaya ümumi dəyəri 5 milyard dollar olan 600 ədəd Patriot raketinə aid avadanlıq veriləcək. Bu tədarüklə Almaniyanın Ukraynaya külli miqdarda silah bağışladıqdan sonra azalan ehtiyatlarını dolduracağı gözlənilir. Açıqlamada sözügedən satışın Avropada təhlükəsizlik və sabitliyin davam etdirilməsinə əhəmiyyətli töhfə verəcəyinə diqqət çəkilib. Almaniya ABŞ-dan sonra Kiyevə ən çox hərbi dəstək verən ölkə kimi tanınır.

Digər tərəfdən, Pentaqonun Müdafiə Təhlükəsizlik və Əməkdaşlıq Agentliyi tərəfindən edilən başqa bir açıqlamaya görə, ABŞ Dövlət Departamenti İtaliyaya 738 milyon dollar dəyərində MQ-9 silahlı pilotsuz uçuş aparatı və əlaqəli avadanlıqların satışına icazə verib. Hər iki satışın Konqresə bildirilməsinin ardından 15 gün ərzində etiraz edilməzsə, satış reallaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə