“Sakit infarktı” necə hiss etmək mümkündür?

“Sakit infarktı” necə hiss etmək mümkündür?

Sinədə kəskin ağrı, qan təzyiqinin kəskin yüksəlməsi, qəfil təngənəfəslik. Hər kəs infarktın əlamətlərini təxminən bu cür təsəvvür edir. Amma kəskin ürək tutmasından xəbər verən başqa əlamətlər də var. Bu qolda və ya boyun ətrafında sancılı ağrı, başgicəllənmə, bol tər. Bəs, ürək tutması sadaladığımız əlamətlər olmadan və xəstənin özünün də hiss etmədiyi şəkildə baş verərsə necə etməli? SİA Harvard Universitetinin araşdırmalarına istinadən bildirir ki, kəskin ürək tutmalarının az qala yarısı (45%-i) sakit və ya hiss edilməyən infarkt (SMI - silent myocardial infarction) kimi meydana gəlir. Belə hallar daha çox kişilərdə olur.

Harvard Universitetin professoru Corc Platski deyir: “SMİ əlamətləri o qədər zəif və qısamüddətli ola bilir ki, onu adi diskomfortla və ya daha az təhlükəli digər problemlə qarışıq salırlar. Buna görə də kişilər belə hallara çox vaxt ciddi yanaşmırlar".

Məsələn, yorğunluğu və fiziki diskomfortu kişilər bir çox hallarda çox işləməklə, pis yatmaqla və hətta orqanizmin yaşla bağlı dəyişiklikləri ilə izah edirlər. Boğazdakı və sinədəki zəif ağrını isə onlar mədə turşuluğunun və ya həzm probleminin əlaməti kimi qiymətləndirirlər. Bundan başqa, çox vaxt ağrının məhz hansı nahiyədə olduğunu müəyyənləşdirmək də çətin olur. Corc Platski onu da qeyd edib ki, döş qəfəsinin sol tərəfindəki kəskin ağrı, böyük ehtimal, sizdə infarkt şübhəsi yaradacaq. Ancaq "sakit infarkt" bütün sinədə kiçik bir diskomfort hissi ilə də müşaiyət oluna bilər.

Gülnarə Nəriman

Bütün xəbərlər Facebook səhifəmizdə