Bolqarıstan da Ukrayna hərbçilərinin təliminə qoşulub

Sofiya Kiyevi dəstəkləmək öhdəliyini açıq şəkildə ifadə etdi
Bolqarıstan da Ukrayna hərbçilərinin təliminə qoşulub

...Bolqarıstan hərbçiləri NATO-nun Ukrayna üçün Təhlükəsizliyə Yardım və Təlim proqramı çərçivəsində Şimali Atlantika Alyansına üzv ölkələrin ərazisində Ukrayna Silahlı Qüvvələrinin təlimlərinə qoşulacaqlar.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, müvafiq qərarı Balkan ölkəsinin Nazirlər Kabineti qəbul edib.

Qeyd edək ki, iyulda NATO-nun Vaşinqtonda keçirilən sammitində Ukraynaya hərbi tədarükü, ukraynalı əsgərlərin təlimini və uzunmüddətli ikitərəfli təhlükəsizlik sazişlərinə uyğun olaraq qarşılıqlı fəaliyyəti əlaqələndirəcək alyans missiyasının yaradılması elan edilib.

Missiya “NATO-nun Ukrayna üçün Təhlükəsizliyə Yardım və Təlim” (NSATU) adlanır.

Hazırda NSATU NATO üzvü olan ölkələrin ərazisində fəaliyyətə başlayıb.

Missiyanın məqsədləri həmçinin BMT Nizamnaməsinə uyğun olaraq Ukraynanın təhlükəsizliyini təşviq etməkdən ibarətdir. Amma “...Beynəlxalq hüquqa uyğun olaraq, NATO münaqişə tərəfi olmayacaq”. Missiya həmçinin Ukraynanın müdafiə və təhlükəsizlik qüvvələrinin transformasiyasını dəstəkləməli, onların NATO-ya sonrakı inteqrasiyasını asanlaşdırmalıdır.

Qeyd edək ki, əvvəllər ukraynalı əsgərlər Avropa İttifaqının Ukraynaya Hərbi Yardım Missiyası (EUMAM) və Britaniyanın Interflex missiyasının tərkibində təlim keçiblər. İyunun sonunda 24 ölkənin iştirak etdiyi EUMAM 52 min Ukrayna hərbçisinə təlim keçib ki, bu da 15 briqadaya bərabərdir. Yayın sonuna qədər missiya təlim keçəcək ukraynalı hərbçilərin sayını 60 minə çatdırmağı planlaşdırır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə