Məsud Pezeşkiyanla Ayman əs-Safedi arasında görüş olub

Məsud Pezeşkiyanla Ayman əs-Safedi arasında görüş olub

İran prezidenti Məsud Pezeşkiyan deyib ki, İsrailin ötən həftə ''Həmas''ın başçısı İsmayıl Haniyəni ölkəsində qətlə yetirməsi cavabsız qalmayacaq böyük bir səhvdir.

SİA xəbər verir ki, İran dövlət televiziyasının yaydığı məlumata görə, prezident Məsud Pezeşkiyan Tehrana səfər edən İordaniyanın xarici işlər naziri Ayman əs-Safedini qəbul edib.

Məsud Pezeşkiyan görüşdə İranda rəsmi qonaq olan ''Həmas'' Siyasi Bürosunun başçısı İsmayıl Haniyənin öldürülməsinin beynəlxalq hüququn pozulması olduğunu bildirib və bu sui-qəsdi “İsrail rejiminin cavabsız qalmayacaq böyük səhvi” kimi qiymətləndirib.

İran prezidenti deyib:“Sionistlərin bu addımı cavabsız qalmayacaq”.

Məsud Pezeşkiyan İsrailin fələstinlilərə qarşı hücumlarının dayandırılması üçün İslam ölkələrinin birgə fəaliyyət göstərməsinin vacibliyini vurğulayıb.

Bölgədə artan gərginliyi müzakirə etmək üçün İrana səfər etdiyini qeyd edən Ayman əs-Safadi İordaniya Kralı II Abdullahın ona Tehran və Əmman arasındakı fikir ayrılıqlarının aradan qaldırılması üçün şəffaf dialoq aparması ilə əlaqədar göstəriş verdiyini bildirib.

İordaniya Kralı II Abdullahın salamlarını Məsud Pezeşkiyana çatdıran Ayman əs-Safedi deyib: ''İordaniya sionist rejimin Qəzzəyə qəddar təcavüzünü ən başından etibarən pisləyib”.

İsrailin İsmayıl Haniyəni qətlə yetirməsini də pislədiklərini söyləyən Ayman əs-Safadi İsrailin baş naziri Benyamin Netanyahunun bu sui-qəsdlə bölgədəki qarşıdurmaların miqyasını genişləndirmək istədiyinə diqqət çəkib.

İordaniyalı nazir bu səfəri İsraildən İrana və ya İrandan İsrailə mesaj çatdırmaq üçün etdiyi barədə yayılan xəbərləri təkzib edib.

Bütün xəbərlər Facebook səhifəmizdə