Nigeriyada vəba epidemiyası: 156 ölü

Nigeriyada vəba epidemiyası: 156 ölü

Nigeriyada vəba epidemiyası səbəbindən həyatını itirənlərin sayının 156-ya yüksəldiyi bildirilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, yanvar ayından bəri 4 min 809 vəba hadisəsinin qeydə alındığı ölkədə iyunun 26-da “milli fövqəladə vəziyyət” elan edilib.

Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzi (NCDC) tərəfindən edilən açıqlamada 15-21 iyul tarixləri arasında ölkədə 170 vəba hadisəsinin görüldüyü və epidemiyada 3 nəfərin öldüyü bildirilib.

Açıqlamada bildirilib ki, vəba ilə mübarizə çərçivəsində tibbi ləvazimatlar xəstəliyə qarşı mübarizə, infeksiyanın qarşısının alınması və nəzarət üçün ölkə daxilindəki bütün sağlamlıq mərkəzlərinə göndərilib.

İyunun 26-da vəba epidemiyası səbəbilə "milli fövqəladə vəziyyət" elan edilən Nigeriyada ötən il 3 mindən çox vəba hadisəsi görülüb və epidemiyada 100-dən çox insan həyatını itirib.

Vibrio bakteriyasının səbəb olduğu və qida və su ilə ötürülən vəba ishala səbəb olur və beləliklə, xəstəlik müalicə edilmədikdə ölümcül ola bilər.

Nigeriyada təmiz suyun olmaması ilə yanaşı, effektiv tibbi müdaxilənin olmaması xəstəlik və ölüm riskini artırır. Ölkədə malyariya, poliomielit, tif və M pox virusu kimi epidemiya xəstəliklərə də tez-tez rast gəlinir.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə