Amerikalı sahibkar İlon Mask Venesuela Prezidenti Nikolas Maduronun döyüşə dəvətini qəbul edib. SİA xəbər verir ki, bu barədə milyarder sahibi olduğu “X” sosial şəbəkəsində yazıb.

“Qəbul edirəm”, – deyə Mask Venesuela liderinin onu döyüşə dəvət etməsi barədə paylaşılmış xəbəri şərh edib.

İş adamı daha sonra Maduronun “qorxacağını” vurğulayıb.

Xatırladaq ki, daha əvvəl İlon Mask Venesuelada keçirilmiş seçkilərdə qalib elan olunmuş Nikolas Maduronu saxtakarlıqda ittiham edib. Biznesmen sosial şəbəkədə “venesuelalıların Maduronun kommunist diktaturasına son vermək qərarına gəldiklərini” yazıb.

İlon Mask dağıdılmış heykəlin şəklini “X” hesabında paylaşaraq "Əlvida, diktator Maduro" şərhini yazıb. O, gün ərzində Venesueladakı nümayişlərdən videoları paylaşmağa davam edib. Hətta Mask Maduronu “eşşək”lə müqayisə edib.

Buna cavab olaraq Maduro ölkəsini kosmik raketlərlə işğal etmək istədiyini iddia edərək Maska müharibə elan edib. Maduro milli televiziyanın canlı yayımında milyarderi “əzəli düşmən” adlandıraraq onu döyüşə çağırıb: “Dalaşmaq istəyirsən? Gəl onda edək. İlon Mask, mən hazıram, mən səndən qorxmuram”.

Bütün xəbərlər Facebook səhifəmizdə