''Ukrayna sülhün bərqərar olması üçün fəaliyyət planı hazırlayacaq''

''Ukrayna sülhün bərqərar olması üçün fəaliyyət planı hazırlayacaq''

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Ukrayna sülhün bərqərar olması üçün noyabrın sonuna qədər fəaliyyət planı hazırlayacaq.
SİA-nın əldə etdiyi məlumata görə, Volodimir Zelenski Yaponiyanın ictimai yayım orqanı NHK telekanalına müsahibəsində ölkəsində davam edən müharibəni qiymətləndirib.

NHK-nın yaydığı məlumata görə, Volodimir Zelenski müharibənin ədalətli şəkildə sona çatması üçün Ukraynaya dəstəyin və Rusiyaya təzyiqin davam etməsinin vacibliyini vurğulayıb.

"Səbir, dəstək və Rusiyaya diplomatik təzyiq müharibənin ədalətli sona çatması üçün ən önəmli üç amildir. Amerika Birləşmiş Ştatları və Avropa ölkələri ittifaqı qorusa bu rəsmi Moskvaya əlavə təzyiq olacaq və heç bir şansının olmadığını göstərəcək”,-deyə Ukrayna lideri vurğulayıb.

2022-ci ildən bəri davam edən müharibənin danışıqlar yolu ilə sona çatması məsələsinə toxunan Volodimir Zelenski Rusiyanın Ukrayna ərazisinə hücumlarını davam etdirəcəyi təqdirdə atəşkəs çağırışlarına cavab verə bilməyəcəklərini bildirib.

Volodimir Zelenski Ukraynanın ərazi bütövlüyü ilə bağlı müxtəlif ölkələrlə ətraflı danışıqlara başlayacağını ifadə edərək noyabrın sonuna kimi sülh üçün fəaliyyət planı hazırlayacaqlarını vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə