''Türkiyə İraqa elektrik enerjisi ixracını bərpa edib''

Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Türkiyənin dünəndən etibarən İraqa elektrik enerjisi ixracını bərpa etdiyini açıqlayıb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Nazirlikdən verilən yazılı açıqlamada Prezident Rəcəb Tayyib Ərdoğanı aprelin 22-də İraqa etdiyi səfər zamanı müşayiət edən Alparslan Bayraktarın Bağdad və Ərbildə keçirdiyi görüşlər çərçivəsində həmsöhbətləri ilə mümkün əməkdaşlığı müzakirə etdiyi xatırladılıb.

Açıqlamada səfərdən 3 ay sonra iki ölkənin enerji sahəsində yeni addım atdığına diqqət çəkilib və Türkiyənin 3 illik fasilədən sonra İraqa elektrik enerjisi ixracını bərpa etdiyi bildirilib. Məlumatda Cizre - Kaşek xətti vasitəsilə İraqa maksimum 300 meqavat elektrik enerjisi ixrac ediləcəyi vurğulanıb.

Rəsmi ''X'' internet səhifəsində məsələ ilə bağlı paylaşım edən Alparslan Bayraktar deyib: “İnkişaf yolu layihəsi vasitəsilə bölgəmizin rifahına və sabitliyinə töhfə verəcəyimiz qonşumuz İraqa elektrik ixracına dünəndən etibarən başlamışıq. Qoyacağımız investisiyalarla İnkişaf yolunu eyni zamanda “Enerji yolu”na çevirəcəyik”.

Bütün xəbərlər Facebook səhifəmizdə