Husilər İsrailə sərt cavab verdilər

Husilər İsrailə sərt cavab verdilər

...Yəmənin “Ənsar Allah” şiə hərəkatının İsrailin Yəmənin qərbindəki Hudeyda şəhərinə hava hücumlarına cavabı sərt olacaq və "qırmızı xətlər" olmayacaq.

SİA-nın əldə etdiyi məlumata görə, “Əl-Cəzirə” xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Məhəmməd Əbdüssəlam bildirib.

...İsrailin Hudeydəyə qarşı təcavüzü açıqdır, onlar açıq müharibəyə başlayıblar. Onlarla qarşıdurmamız da açıq, sərhədsiz, qırmızı xəttsiz olacaq. Biz düşmənlə heç bir döyüş qaydalarına əməl etməyəcəyik. Biz bütün nəticələrə tab gətirməyə hazırıq və qadirik.

“Ənsar Allah” şiə hərəkatının nümayəndəsi bunu telekanala bildirib.

O, həmçinin husilərin heç bir eskalasiyadan qorxmadıqlarını və ədalət naminə hərəkət etdiklərini əlavə edib.

Xatırladaq ki, bundan əvvəl “Ənsar Allah” İsrailin Eylat şəhəri ərazisinə və Qırmızı dənizdə Amerikanın Pumba gəmisinə ballistik raketlər və pilotsuz uçuş aparatları ilə hücumlar təşkil etdiyini açıqlamışdı.

Hərəkatın sözçüsü Yəhya Saria bildirib ki, hücumlar “Amerika-İngiltərə-İsrail təcavüzünə cavabdır”. Bundan əlavə, o, hərbi əməliyyat zamanı Amerika gəmisinin məğlubiyyəti barədə məlumat verib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə