Tarixi saray muzey kimi istifadəyə verildi

İstanbulda Osmanlı imperiyası dövrünə aid tarixi “Ulduz sarayı” (Yıldız sarayı) muzey kimi yenidən istifadəyə verilib. SİA xəbər verir ki, muzey-kompleksin açılış mərasimində çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Ulduz sarayı”nın İstanbulun rəmzlərindən biri olduğunu bildirib.

O, bu gündən etibarən qapılarını xalqın və dünyanın müxtəlif bölgələrindən gələn qonaqlar üçün açan bu sarayın bərpası ilə İstanbulun tarixi, mədəni və turizm baxımından cəlbediciliyini daha da artacağına inamını ifadə edib.

Qeyd edək ki, İstanbulun üç ən böyük sarayından biri olan “Ulduz sarayı” Osmanlı imperiyası dövründə fəaliyyət göstərmiş nadir tarixi tikililərdən biridir. Yüz ildir ziyarətçi qəbul etməyən saray altı ilə yaxın davam edən bərpa işlərindən sonra bu gün muzey kimi fəaliyyətə başlayıb.

Prezident Rəcəb Tayyib Ərdoğanın təlimatına əsasən, Türkiyənin Milli Saraylar Baş İdarəsi tərəfindən yenidən qurulan tarixi tikilinin “Böyük Mabeyn Köşkü”, “Çit Köşkü”, “Kiçik Mabeyn Köşkü” və “Hərəm Otağı” kimi bir çox hissəsi ziyarətə ilk dəfə açılacaq.

Burada Osmanlı imperiyasının 34-cü sultanı II Əbdülhəmidin həyatına və şəxsiyyətinə, 33 illik hökmdarlıq dövrünə aid əsərlər ilk dəfə nümayiş olunacaq. Avropanın, eləcə də Yaxın Şərqin ən böyük kitabxanasına və dülgərlik dükanına malik tikilidə “Ulduz albomları”ndan seçilən fotoşəkillər də ilk dəfə tarix və sənətsevərlərin ixtiyarına veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə