Qadın sahibkarları əməkdaşlıq məsələlərini müzakirə ediblər - FOTOLAR

Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) ilə Azərbaycan arasında əlaqələr fəal şəkildə inkişaf edir. Bu da iki ölkə arasında ticarət əlaqələrinin genişlənməsində özünü göstərir. SİA xəbər verir ki, bunu Lefkoşada Türkiyə-Azərbaycan-ŞKTC qadın sahibkarların II Forumunda çıxış edərək Şimali Kiprin Prezidenti Ersin Tatarın xanımı Sibel Tatar deyib.

ŞKTC Ticarət Palatasının (KTTO) binasında keçirilən forumunda Türkiyə Xarici İqtisadi Əlaqələr Şurası və Azərbaycanın Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) nümayəndələri iştirak ediblər.

Siber Tatar ŞKTC-nin türk dövlətləri, o cümlədən Azərbaycan ilə yaxınlaşmasında Türkiyənin səylərini yüksək qiymətləndirib.

Onun sözlərinə görə, inkişaf etməkdə olan bazar iqtisadiyyatı şəraitində qadın sahibkarların potensialının dəstəklənməsi vacibdir. Bu da istənilən ölkənin iqtisadiyyatı üçün güclü stimuldur. “Qadınların dəstəklənməsi və onların həvəsləndirilməsi ilə bağlı məsuliyyət hər birimizin üzərindədir”, - deyə dövlət başçısının xanımı bildirib.

ŞKTC-nin iqtisadiyyat və energetika naziri Olqun Amcaoğlu qadınların biznes mühitindəki rolunun vacibliyini qeyd edib. “Biz bütün sahələrdə qadınların imkanlarını yaxşılaşdırmağa çalışmalıyıq ki, bu da Şimali Kiprin gələcəyinə töhfədir”, - deyə nazir bildirib.

KTTO-nun sədri Turgay Deniz də öz növbəsində qadınları XXI əsrin iqtisadiyyatında və siyasətində müəyyənedici qüvvə adlandırıb. “Qadınların ölkə həyatında səmərəli iştirakını dəstəkləmək çox vacibdir və biz buna hazırıq”, - deyə T.Deniz əmin edib.

KOBSKA-nın İdarə Heyətinin sədri Nigar Ələsgərova da türk ölkələrində qadın sahibkarlar arasında qarşılıqlı əlaqələrin əhəmiyyətindən danışıb. O, Azərbaycanda qadınlar üçün yaradılan şərait və imkanlar barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Forumun işi ikitərəfli görüşlərlə davam etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə