Enerji sisteminin qorunması üçün Ukraynaya 100 milyon avro verilir...

“Ukrenerqo” şirkətinin rəhbəri Vladimir Kudritski və Almaniyanın KfW dövlət inkişaf bankının Ukraynadakı nümayəndəliyinin rəhbəri Lorenz Gessner Ukrayna şirkətinə ölkənin enerji sisteminin qorunması üçün 100 milyon avro məbləğində qrant verilməsi haqqında saziş imzalayıblar.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə Ukraynanın enerji operatoru öz Telegram kanalında məlumat yayıb.

Avropa Komissiyası KfW-yə Ukrayna İnvestisiya Mexanizmi proqramı üçün “Ukrenerqo”ya pul göndərməyə icazə verib. Bundan əlavə, alman şirkəti Ukraynanın qərb vilayətlərində yüksək gərginlikli yarımstansiyaların modernləşdirilməsini, onlar üçün təmir və avadanlıqların alınmasını, həmçinin “Ukrenerqo” obyektlərinin mühafizəsini təmin etməlidir.

Ukrayna enerji operatoru onu da bildirir ki, hərbi münaqişə başlayandan şirkət beynəlxalq dəstək üçün 1,5 milyard avro alıb.

Bundan əvvəl Ukrayna Ali Radası yaxın illərdə ölkədə enerji çatışmazlığının davam edəcəyini açıqlamışdı.

Deputat Aleksey Kuçerenkonun sözlərinə görə, bunu ukraynalılara açıq şəkildə bildirmək lazımdır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə