Türkiyə perspektivli neft-qaz yataqlarının kəşfiyyatı məqsədilə Somali sahillərinə qazma gəmisi göndərəcək. Ölkənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar rəsmi Ankara ilə Maqadişo arasında razılaşma olduğunu bildirib.
SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, nazirin sözlərinə görə, Afrika ölkəsinin perspektivli dəniz yataqlarının seysmik kəşfiyyatı “Oruç Reis” gəmisi tərəfindən aparılacaq və bundan sonra qazma işlərinə başlanacaq.
“İşlərin yerinə yetiriləcəyi ərazidə dənizin dərinliyi 2-3 km arasında dəyişir, ümumiyyətlə qazma işi 7 km. dərinliyə qədər aparılacaq”, - o deyib.
A.Bayraktar qeyd edib ki, rəsmi Ankaranın 2016-cı ildən sonrakı dövrdə həyata keçirdiyi milli enerji strategiyası sayəsində Türkiyə bu gün dəniz zonasında qazma və kəşfiyyat işlərinin müstəqil aparılması üçün bütün imkanlara malikdir.
“Oruç Reis” gəmisinin heyəti 50 nəfərdən ibarətdir. Somaliyə gedən bu gəmini beş köməkçi gəmi, eləcə də Türkiyə Hərbi Dəniz Qüvvələrinin gəmiləri müşayiət edəcək”, - deyə türkiyəli nazir əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə