İtaliyanın Etna dağında vulkanik püskürmə davam edir

İtaliyanın cənubundakı aktiv vulkanlardan biri olan Etna yenidən kül və lava püskürüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Siciliya adasında təxminən 3300 metr yüksəklikdə olan Etna dağında son həftələrdə müşahidə edilən vulkanik aktivlik davam edir.

İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun (INGV) Etna Müşahidə Stansiyasından verilən açıqlamaya görə vulkanın son dövrlərdə aktivləşən "Voragine" krateri dünən axşam saatlarından etibarən yenidən kül və lava püskürməyə başlayıb.

Voragine kraterinin püskürtdüyü lava səbəbiylə vulkanın yamaclarında lava axınının müşahidə edildiyi və külün təxminən 6 kilometr yüksəkliyə çatdığı bildirilib.

Mətbuatda çıxan xəbərlərdə vulkan ətrafındakı Viaqrande və Acicastello yaşayış məntəqələrinə kül yağdığı qeyd edilib.

Bundan əlavə, Voragine kraterində vulkanik aktivliyə görə Etna dağının 2500 metr və yuxarı nöqtələrinə ekskursiya fəaliyyəti müvəqqəti dayandırılıb.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə