Bu ölkədə nəhəng neft-qaz yatağı aşkarlandı

Küveyt Neft Korporasiyası (Kuwait Petroleum Corporation - KPC) nəhəng neft yatağı aşkarlayıb. SİA xəbər verir ki, şirkət iyulun 14-də Küveytin Fars körfəzindəki Fayaka adasının şərqində əl-Nohata adlı yatağı aşkarladıqlarını açıqlayıb.

Korporasiyanın baş direktoru Şeyx Navaf Səud əl-Sabahın sözlərinə görə, yatağın ehtiyatları ölkənin üç il ərzindəki ümumi hasilatına bərabərdir.

Baş direktor bildirib ki, ilkin hesablamalara görə, yataqda təxminən 2,1 milyard barel neft və 5,1 trilyon kubfut qaz ehtiyatı ola bilər. Bu da təxminən 3,2 milyard barel neft ekvivalentinə bərabərdir.

Küveyt Neft İxrac Edən Ölkələr təşkilatında (OPEC) beşinci ən böyük neft istehsalçısıdır və gündəlik təxminən 2,48 milyon barel hasil edir.

Ölkə dünyanın ən böyük neft ehtiyatlarından birinə sahibdir və hasilatı 2035-ci ilə qədər gündəlik 4 milyon barelədək artırmaq niyyətindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə