Özbəkistana xarici turist axını artıb

2024-cü ilin yanvar-iyun aylarında Özbəkistan 3 milyon 500 mindən çox xarici turist qəbul edib. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 415 min 600 nəfər və ya 13,3 faiz çoxdur. SİA xəbər verir ki, bu barədə Özbəkistan mediası Milli Statistika Agentliyinə istinadla məlumat yayıb.

Qırğızıstan turistlərin sayına görə birinci yerdədir: ilin birinci yarısında Özbəkistana bu ölkənin 1,05 milyon vətəndaşı səfər edib. İkinci yerdə 1,04 milyon insanla Tacikistandır. Üçüncü yerdə 668,4 min turistlə Qazaxıstandır, sonrakı yeri isə 364,5 min turistlə Rusiya tutur. Türkmənistandan turist axını iki dəfədən çox artaraq, 67,2 min nəfərə çatıb.

Türkiyə turist sayına görə uzaq xarici ölkələr arasında liderdir - altı ay ərzində Özbəkistanı 52 minə yaxın Türkiyə vətəndaşı ziyarət edib. Çindən 28,7 min, Hindistandan 28,2 min turist gəlib. Cənubi Koreya və İtaliya da ilk onluqdadır: iyun-yanvar aylarında bu ölkələrdən Özbəkistana müvafiq olaraq 19,6 min və 17,7 min turist səfər edib.

Agentliyin məlumatına əsasən, Qırğızıstan da Özbəkistan vətəndaşları üçün əsas turizm məkanıdır: 2023-cü ildə qonşu ölkəyə təxminən 5 milyon özbəkistanlı səfər edib.

Bütün xəbərlər Facebook səhifəmizdə