İsrail-Hizbullah münaqişəsində İran faktoru

Mövzu ilə bağlı Türkiyə Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondu – SETA-nın direktoru, professor Murat Yeşiltaşın məqaləsi... SİA Türkiyə saytlarına istinad edir.
İsrail-Hizbullah münaqişəsində İran faktoru

İsrail-Hizbullah münaqişəsi Yaxın Şərqi yenidən genişmiqyaslı müharibə həddinə çatdırıb. Fələstin-İsrail münaqişəsinin yenidən alovlandığı 2023-cü ilin oktyabrından İsrail və Livan arasındakı sərhəd hərbi toqquşmaların mərkəzinə çevrilib. “Hizbullah” İsrailin Qəzzadakı müharibəsinə İsrail ordusunun mövqelərinə hücumlarını artıraraq cavab verdi. Buna cavab olaraq İsrail “Hizbullah”ın Livanın cənubundakı mühüm artilleriya infrastrukturuna hava zərbələri endirdi. Nəticədə həm İsrail, həm Livan tərəfdən yüz minlərlə adam evlərini tərk etmək məcburiyyətində qaldı.

Hörmətli dinləyicilər, mövzu ilə bağlı Türkiyə Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondu – SETA-nın direktoru, professor Murat Yeşiltaşın məqaləsini təqdim edirik, mətni oxuyur Sevda Mirzə.

İran faktoru. Münaqişədə birinci və ən mühüm strateji faktorun İranın İsrailin “Hizbullah”a qarşı müharibəsinə yanaşmasıdır. İranın “Hizbullah”a yanaşması “Həmas”dan fərqlidir.

İsrail və “Hizbullah” arasında hər hansı bir gərginliyin İran-İsrail hərbi eskalasiyası üçün daha geniş təsirləri olacaq. Son illər İranın “Hizbullah”a maliyyə dəstəyi, qabaqcıl silah və təlimlər verməklə onun hərbi potensialını əhəmiyyətli dərəcədə artırıb. İran “Hizbullah”ı Yaxın Şərqdəki "Müqavimət oxu”nun mühüm komponenti kimi görür.

İranın “Hizbullah”a dəstək verməsi həm də rəsmi Tehranın regionda ABŞ və İsrailin təsirlərinə qarşı mübarizə aparan regional aktyor kimi mövqeyini gücləndirir. Bununla belə, gedən proses və “Hizbullah”ın mümkün müharibədə zəifləməsi qorxusu İranı İsrailə qarşı daha sərt hərəkətlərə sürükləyə bilər.

“Hizbullah”ın hərbi potensialı. Bu, İsrailin nəzərə aldığı əsas məsələdir. “Hizbullah” Suriya vətəndaş müharibəsində iştirakından sonra hərbi potensialını çox artırıb: bu iştirak “Hizbullah”ı həm döyüş meydanında təcrübə, həm də qabaqcıl silahlarla təmin edib, onu regionda bir gücə çevirib.

“Hizbullah” Suriya münaqişəsi zamanı və ondan sonra öz arsenalını əhəmiyyətli dərəcədə təkmilləşdirib. Təşkilatın tez-tez İran tərəfindən təmin edilən qabaqcıl silahlara çıxışı onun hücum və müdafiə imkanlarını artırıb. “Hizbullah” yaxın, orta və uzun mənzilli sistemlər də daxil olmaqla, on minlərlə raketə malikdir. Onun arsenalına həmçinin qabaqcıl zenit sistemləri və idarə olunan tank əleyhinə idarəolunan raketlər (ATGM) daxildir. “Hizbullah” portativ hava hücumundan müdafiə sistemləri (MANPAD) və “Kornet” kimi qabaqcıl tank əleyhinə idarəolunan raketlər əldə etməklə İsrailin zirehli texnikası və təyyarələrinə qarşı mübarizə qabiliyyətini təkmilləşdirib. Bundan başqa, “Hizbullah” kəşfiyyat və zərbə missiyaları üçün istifadə edilən müxtəlif pilotsuz uçuş aparatları ilə güclü dronlarını inkişaf etdirib. Dronlara İran tərəfindən təchiz edilən müşahidə və dəqiq zərbələr vuran modellər daxildir.

2023-cü il oktyabrın 7-dən etibarən İranın “Hizbullah”a artan hərbi dəstəyi fonunda təşkilatın hərbi qabiliyyəti də artıb. KİV-in məlumatına görə, İranın “Fateh-110” qısa mənzilli ballistik raketləri (SRBM) və onların Suriyadakı qarşılıqları olan “M-600” və “Falaq” raketləri, Rusiyanın “Kornet” tank əleyhinə idarəolunan raketləri və yeni hazırlanmış “Burkan” raket sursatları “Hizbullah”a göndərilib.

Müharibə taktikası baxımından “Hizbullah” ənənəvi hərbi əməliyyatlarını partizan hərəkatı və qeyri-qanuni taktikalarla birləşdirərək hibrid müharibə taktikası hazırlayıb. Bu yanaşma təşkilata İsrail kimi ənənəvi orduların zəif cəhətlərindən istifadə etməyə və uzun sürən münaqişələri davam etdirməyə imkan verir.

Regional beynəlxalq dinamika. İsrailin “Hizbullah”a qarşı müharibəsi regional münaqişəni gərginləşdirə, İsrail və onun müttəfiqlərini daha böyük xərclərə sala bilər. Bu səbəbdən İsrail-Hizbullah münaqişəsi müxtəlif şəkillərdə davam edə bilər ki, bunların hər biri kəskin geosiyasi nəticələrlə regionda xaotik dövrlərə qapı açar.

Birincisi, əgər münaqişə genişmiqyaslı müharibəyə çevrilərsə, Livan çox güman ki, dağıdıcı nəticələrə və daha böyük iqtisadi və siyasi qeyri-sabitliyə məruz qalar. İranın bu işə qarışması, xüsusən də mərhum prezident İbrahim Rəisini ölümündən sonra ölkə siyasətindəki qeyri-müəyyənlikləri nəzərə alsaq, daha geniş regional münaqişələrə gətirib-çıxarar. Suriya və İraq kimi onsuz da kövrək olan ölkələr isə daha çox xaosla qarşı-qarşıya qalar.

Aralıq dənizində sabitlik də risk altındadır. “Hizbullah”ın başçısı Həsən Nəsrullah “Düşmən Aralıq dənizində onu gözləyən şeyin çox önəmli olduğunu bilir. Cənubi Kipr hökumətinə xəbərdarlıq edilməlidir ki, düşmənin Livanı hədəf alması üçün hava limanları və bazalar açması onu müharibənin bir parçası edir”, - deyib.

Türkiyənin xarici işlər naziri Hakan Fidanın İsrailin adadakı hərbi və kəşfiyyat fəaliyyətini tənqidi etməsi və Kipr adasının əhəmiyyətini vurğulaması təbii ki, Türkiyə üçün bir güvənlik məsələsidir. İsrailin “Hizbullah”a qarşı müharibəsi Avropa İttifaqını da münaqişənin bir parçası edə bilər.

Regional-beynəlxalq dinamikanin ikinci məsələsi. “Hizbullah”a qarşı müharibənin regionda dəniz təhlükəsizliyini zəiflətmə ehtimalı var. “Husi”lərin 2023-cü ilin oktyabr ayından bəri dəniz təhlükəsizliyini necə pozduğunu xatırladan “Hizbullah” Aralıq dənizində sabitliyi pozmaq üçün daha böyük hərbi potensiala malikdir. Şərqi Aralıq dənizində enerji geosiyasətinin dinamikasını nəzərə alsaq, İsrailin “Hizbullah”a genişmiqyaslı hücumu yeni gərginliklər gətirər və enerji təchizatına, xüsusilə enerji bazarlarına mənfi təsir göstərər.

İsrail-Hizbullah müharibəsi beynəlxalq sistemin qaydalara əsaslanan strukturunu da tamamilə dağıda bilər. İsrailin Qəzzada törətdiyi soyqırım müharibəsinin yaratdığı dağıntıları nəzərə alsaq, yeni müharibə beynəlxalq idarəçilik mexanizmlərinin artıq tamamilə işləmədiyini də təsdiqləyir. Bu, digər təcavüzkar dövlətlər üçün nümunə olar və daha geniş münaqişələrə yol açar. Türkiyənin 2023-cü ilin oktyabr ayından bəri dəfələrlə bəyan etdiyi kimi, İsrailin Qəzzaya qarşı müharibəsi dayandırılmasza, bölgədə daha böyük və geniş müharibə qaçılmazdır.

İsrailin Qəzzada törətdiyi soyqırım və öhdəsindən gələ bilmədiyi böhran bütün bölgənin sabitliyini təhdid etməkdədir. Qərb dövlətləri və ABŞ (Co Bayden) hökumətinin bu təhlükəyə məhəl qoymaması qarşısıalınmaz hərtərəfli münaqişələrin başlanmasına gətirib-çıxarar. İsraili dayandırmağın yeganə yolu onu rasional dövlət zəmininə qaytarmaq və Qəzzadakı hərəkətlərinə görə məsuliyyətə cəlb etməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə