Ermənistan Rusiya ilə vidalaşır?

Rusiya bu gün çox zəif, çox çətin vəziyyətdədir. Məhz elə buna görədir ki, rusların erməni cəmiyyətinə təsiri hər gün azalır
Ermənistan Rusiya ilə vidalaşır?

...Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan NATO sammitinin bəzi tədbirlərində iştirak edib.

Və o, ölkəsinin alyansla sıx əməkdaşlığını yüksək qiymətləndirir.

Təbii ki, bu, ruslar arasında əsəbi reaksiyaya səbəb olmaqdadır.

Maraqlıdır, görən, İrəvan siyasətində Qərb vektoru erməni elitasının şüurlu seçimidir, yoxsa yeni manevrlərə cəhd edir?

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə Ermənistanın Rusiyadakı keçmiş səfiri Stepan Qriqoryanla danışıb.

Deməli, onun iddiasına görə, ermənilərin Qərbə doğru hərəkət prosesi qaçılmazdır.

...Amma hakimiyyət daxilində müxtəlif adamlar var ki, bu prosesi Qərblə Rusiya arasında manevr kimi təqdim etməyə çalışırlar. Əslində ölkədəki son hadisələr bu prosesin dönməz olduğunu göstərir.

...Ötən gün Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin Ermənistanın Vaşinqtonda olmasına çox acı reaksiya verib. Bizə çox ciddi mesajlar verildi ki, sizin KTMT çərçivəsində, ikitərəfli müqavilələrdə öhdəlikləriniz var,..amma siz NATO sammiti üçün Vaşinqtona gedirsiniz və s.

...Qriqoryana görə, ermənilərlə bağlı mətn kifayət qədər sərt olub, lakin Azərbaycanın xarici işlər nazirinin də Vaşinqtonda olması barədə bir kəlmə də deyilməyib.

Ona görə də,..bu o deməkdir ki, bizim Qərbə doğru hərəkətimiz dönməz olmalıdır.

Rusiya qorxutduğunu, xəbərdarlıq etdiyini, bunun Ermənistanı çəkindirəcəyini düşünür. Amma Rusiya Federasiyası qərəzli davranır, bu çox vacib məqamdır. Bu davranış bizim siyasi elitanı daha da Qərbə doğru itələyir. Ermənistanın Vaşinqtonda keçirilən NATO sammitində iştirakının Rusiyanın xoşuna gəlmədiyini başa düşmək olar. ...Amma Azərbaycan xarici işlər nazirinin sammitdə iştirakına görə Kremlin bircə dənə də olsun mənfi söz deməməsi Rusiyanın Ermənistana qarşı doğrudan da düşmənçilik etdiyini sübut edir.

Ona görə də Ermənistanın Qərbə keçməkdən başqa variantı yoxdur.

Qriqoryanın fikrincə, Rusiya bu gün çox zəif, çox çətin vəziyyətdədir. Məhz elə buna görədir ki, rusların erməni cəmiyyətinə təsiri hər gün azalır.

...Bu yaxınlarda etirazlar oldu, orada lider arxiyepiskop Baqrat Qalstanyan idi. Ermənilər onun arxasında kimin dayandığını dəqiq anlamasa da, o, kifayət qədər böyük mitinqlər təşkil etdi. Amma sonradan ermənilər onun arxasında rusiyayönlü qüvvələrin dayandığını anlayan kimi mitinqlər praktiki olaraq dayandı, hər şey 500-1000 nəfərlik toplantılara qədər getdi.

Kremlin təsir rıçaqlarının sayı azalır, birincisi budur. İndi iqtisadi asılılığımızın guya kifayət qədər güclü olması ilə bağlı kart oynamağa cəhd edilir. Əvvəllər deyirdilər ki, biz də Rusiyadan hərbi-texniki cəhətdən asılıyıq, indi başqa ölkələrlə hərbi-texniki əməkdaşlıq 90 faiz, Rusiya ilə isə cəmi 10 faizdir. Bu çox vacib məlumatdır, üç il əvvəl bizim qarşılıqlı əlaqə səviyyəmiz demək olar ki, 100 faiz idisə, indi 10 faizə düşüb.

…Yenə Qriqoryana görə, guya müasir dünyada alternativ tapmaq çox asandır, bu, çox tez edilir, ona görə də Ermənistanın Rusiyadan asılılığı indi müxtəlif sahələrdə kəskin şəkildə azalır.

Amma əsas odur ki, insanlar Moskva ilə əməkdaşlığa həddindən artıq mənfi münasibət bəsləyirlər. Müxtəlif mərkəzlər tərəfindən aparılan bütün bu sorğular göstərir ki, Avropaya inteqrasiya əhval-ruhiyyəsi 60-70 faizə çatıb, Rusiyaya inam isə 10 faizə düşüb.

Fərqli kontekstlərdə fərqli rəqəmlər var, onları görmək asandır.

…Mənim fikrim budur ki, indi bunlar Rusiyadan gələn dəhşət hekayələridir. Əlbəttə, ruslar bəlkə də çarəsizlikdən hansısa həlledici addım ata bilər, lakin Ukraynaya qarşı cəbhələrdə vəziyyətin pisləşməsini nəzərə alsaq, bu, çox çətin görünür.

Qeyd edək ki, Stepan Qriqoryan bunu böyük əminliklə iddia edir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə