Səfərbər olunan rusların həyat yoldaşları “mitinq keçirirlər”..?

...onlar Moskvada Rusiya Müdafiə Nazirliyinin binasına toplaşıblar

...Və bazar ertəsi Moskvada səfərbər olan rusların arvad və digər qohumları Rusiya Müdafiə Nazirliyinin qarşısına toplaşıblar.

Onlar Rusiyanın müdafiə naziri Andrey Belousovla görüş tələb edir və gecəni meydanda keçirməli olsalar belə, tələbləri yerinə yetirilməyənə qədər oranı tərk etməyəcəklərini bəyan edirlər.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, hadisə şahidlərinin sözlərinə görə, polis onlara dəstək verməyə gələnləri və jurnalistləri saxlayıb.

Fəallar Rusiyada Ailə Günü qeyd edilən iyulun 8-də meydana gəldiklərini bildiriblər. Onlar səfərbər olan ərlərinin, oğullarının və qardaşlarının evlərinə qayıtmasını tələb edirlər. Onların fikrincə, Rusiya Müdafiə Nazirliyi səfərbər olunanları təzə kadrlarla əvəz edərək cəbhədə rotasiyanı təmin etməlidir. Maraqlıdır ki, fəallar Ukraynadakı döyüşlərə etiraz etmirlər.

...Deyilənlərə görə, günün ortasında bir neçə fəal Müdafiə Nazirliyinin qəbuluna dəvət olunub və orada rəsmi şəxslərlə, o cümlədən əvvəldən tanıdıqları general-polkovnik Borisenko ilə görüşüblər.

Fəalların sözlərinə görə, məmurlar səfərbər olanların qohumlarına “müəyyən güzəştlər” təklif ediblər, lakin səfərbər olunanların evlərinə qayıtması ilə bağlı suala cavab verməyiblər. Fəallar bununla kifayətlənmir və aksiyanı davam etdirmək niyyətindədirlər.

Kremlyönlü fəal qrup olan qondarma “Putin dəstələri”nin üzvləri binanın qarşısındakı meydana çıxıblar.

Və o da maraqlıdır ki, bu etirazçılara sərin su və dondurma təklif edilib.

...Deməli, günün ortasında polis məmurları toplaşanları - fəalların özlərini deyil, onları dəstəkləməyə və ya nə baş verdiyini öyrənmək üçün gələnləri, eləcə də jurnalistləri dağıtmağa başlayıblar.

Şahidlərin sözlərinə görə, “Putin qoşunları”nın üzvləri insanların gediş-gəlişini əngəlləməklə həbslərə şərait yaradıblar.

...İyulun 8-i axşam saatlarında fəallar hələ də Rusiya Müdafiə Nazirliyinin qarşısındakı meydanda qalırlar, yanlarında yataq kisələri və turist xalçaları var, gecəni meydanda qalmağa hazırlaşırlar.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə