Dağıstanda terror hazırlayan 3 nəfər həbs edildi

Dağıstanda terror aktı hazırlamaqda şübhəli bilinən 3 nəfər həbs edilib. SİA xəbər verir ki, bu barədə Respublika Ali Məhkəməsinin mətbuat xidmətinin rəhbəri Zarema Mamaeva məlumat verib.

O, bildirib ki, məhkəmə onların iki ay müddətinə həbs edilməsinə qərar verib.

"1980, 1990 və 1995-ci il təvəllüdlü kişilər həbs edilib. Onlar Dağıstan ərazisində partlayış və digər terror aksiyaları həyata keçirmək üçün mütəşəkkil dəstə yaratmaqda ittiham olunurlar.

Mahaçqalanın Sovetski Rayon Məhkəməsi istintaq orqanlarının vəsatətlərinə baxaraq, Maqomed Maqomedov, Xalid Maqomedov və Zaur Maqomedovu iki ay müddətinə həbs etmək qərarına gəlib", - mətbuat xidmətinin rəhbəri bildirib.

İstintaq müəyyən edib ki, həbs edilənlər silah alıb Serqokala və Mahaçqala kəndlərindəki evlərində saxlayıblar. Həmçinin onlar terror aktında istifadə etməyi planlaşdırdıqları əldəqayırma partlayıcı qurğu hazırlayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə