Azərbaycan-ŞƏT münasibətlərinin inkişafına mane olan amillər yoxdur - DEPUTATIN ŞƏRHİ

Azərbaycan-ŞƏT münasibətlərinin inkişafına mane olan amillər yoxdur - DEPUTATIN ŞƏRHİ

“ŞƏT-in həm coğrafi baxımdan, həm, iqtisadi, həm də siyasi baxımdan çox önəmli platforma olduğunu qeyd edə bilərik. Bu coğrafiyada yaşayan əhalinin və onların təmsil etdikləri dövlətlərin potensialını da nəzərə almaq lazımdır. Dünya əhalisinin təxminən 42 faizi ŞƏT ölkələrinin payına düşür. Bu ölkələrin iqtisadiyyatını da göz önünə gətirsək çox böyük rəqəm alınar, təxminən trilyonlarla dollar büdcə və ondan qat-qat artıq ÜDM. Bütün bunlar Şanxay Əməkdaşlıq Təçkilatının real gücünü göstərən faktorlardır”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı Aydın Hüseynov deyib.

A.Hüseynov qeyd edib ki, bu təşkilatda sözün bütün mənalarında dünyanın real gücü olan ölkələrin, məsələn Çinin, Rusiyanın, Hindistanın, Pakistanın, eyni zamanda ümumi olaraq götürüldükdə 16 önəmli dövlətin təmsil olunması dünyanın bir başqa qütbündə olanları artıq narahat etməyə başlayıb: “Əlbəttə Şanxay Əməkdaşlıq Təşkilatında təmsilçilikdə bir məqsəd var, o da əlaqələrin milli maraqlar üzərində, həm də humanizm prinsipləri əsasında qurulmasıdır. Dövlət başçıları ŞƏT-in çoxşaxəli əməkdaşlığını, onun perspektivlərini daha da gücləndirəcək, eləcə də aktual beynəlxalq və regional problemləri həll edəcək geniş spektrli məsələləri nəzərdən keçiriblər. “ŞƏT Plus” iclası “Ədalətli dünya, harmoniya və inkişaf naminə dünya birliyi” mövzusunda geniş tərkibdə keçirilib. Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində ŞƏT+ formatında keçirilən iclasda təşkilata üzv 10 ölkənin başçıları ilə yanaşı, BMT-nin baş katibi Antonio Quterreş, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev, BƏƏ Ali Federal Şurasının üzvü, Rəs əl-Xaymə Əmirliyinin əmiri Səud bin Saqr əl-Qasimi, Türkmənistan Milli Məclisinin Xalq Şurasının sədri Qurbanqulu Berdiməhəmmədov, Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux, Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani iştirak ediblər. Bu da təşkilatın beynəlxalq nüfuzundan xəbər verir. Eyni zamanda BMT-nin baş katibi Antonio Quterreşin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Prezidenti İlham Əliyevin sammitdə iştirakı həm də Prezidentimizin, o çümlədən Azərbaycanımızın nüfuzundan xəbər verir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə