Məhəmməd Əbu Silmiyyə azad edilib...

İsrail ordusu Qəzza zolağında Şifa xəstəxanasının baş həkimi Məhəmməd Əbu Silmiyyəni 7 ay saxladıqdan sonra həbsdən buraxıb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

İsrail ordusu Qəzza zolağının mərkəzi və cənub-şərq sərhədlərində həbs edilən daha 50 fələstinlini, o cümlədən Əbu Silmiyyəni azad edib.

Sərbəst buraxılanlar Deyr əl-Bələh şəhərindəki Əqsa Şəhidləri və Xan Yunisdəki Nasir xəstəxanalarına aparılıblar.

Azad edildikdən sonra mətbuata açıqlama verən Şifa xəstəxanasının baş həkimi deyib: "İsrailin işğalçı həbsxanalarındakı əsir və məhbuslar Fələstin tarixində misli görünməmiş bir faciə yaşayırlar".

“Əsirlər qida çatışmazlığına, fiziki alçaldılmaya, işgəncələrə məruz qalırlar”- deyə bildirən Əbu Silmiyyə vurğulayıb ki, beynəlxalq ictimaiyyət bütün fələstinli əsir və məhbusların azad edilməsi üçün qəti addım atmalıdır.

M. Əbu Silmiyyə İsrail həbsxanalarında işgəncə altında həyatını itirən tibb işçilərinin, bir həb belə içə bilməyən xəstə məhbusların olduğunu bildirib.

İsrail ordusu noyabrın 14-də bir neçə günlük mühasirədən sonra Qəzza şəhərindəki Şifa xəstəxanasına basqın edib, sonra xəstəxanada böyük dağıntılar həyata keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə