Cənubi Koreya daha 243 adda məhsulun Rusiya və Belarusa ixracına qadağan qoyub

Cənubi Koreya hökuməti hərbi məqsədlər üçün istifadə olunma ehtimalı olan daha 243 adda məhsulun Rusiya və Belarusa ixracına qadağa qoyub. SİA xəbər verir ki, bu barədə Cənubi Koreyanın Ticarət, Sənaye və Enerji Nazirliyi açıqlama yayıb. Qadağan olunan məhsullar arasında metalkəsən avadanlıqlar, optik alətlər və sensorlar da var. Bununla da Ukrayna müharibəsi başlayandan bəri Rusiya və Belarusa ixracı qadağan olunan Cənubi Koreya məhsullarının sayı 1402-yə çatıb.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin Şimali Koreyaya səfəri zamanı iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq sənədinin imzalanması rəsmi Seulun etirazına səbəb olub. Bir neçə gün əvvəl Cənubi Koreya Prezidentinin milli təhlükəsizlik müşaviri Çanq Ho-cin Rusiya və Belarusa məhsul ixracına qoyulan qadağanın genişləndirilməsinə eyham vurmuşdu. O, Cənubi Koreya hökumətinin Ukraynaya silah tədarükü ilə bağlı mövqeyini yenidən nəzərdən keçirəcəyini söyləyib, ölkəsinin Ukraynaya ölümcül silah verməkdən imtina siyasətini dəyişdirməyi təklif edib.

Bütün xəbərlər Facebook səhifəmizdə