İranda prezident seçkilərindən geri çəkildiyini açıqladı

Məsud Pezeşkiyan Təbrizdə, Məhəmməd Baqir Qalibaf və Səid Cəlili isə Məşhəddə ayrı-ayrılıqda mitinqlər keçiriblər

2024 ili 28 iyun tarixində İranda keçiriləcək prezident seçkiləri üçün kampaniya müddətinin bitməsinə saatlar qalıb. İslahatçı namizəd Məsud Pezeşkiyan Təbrizdə, mühafizəkar namizədlər Məhəmməd Baqir Qalibaf və Səid Cəlili isə Məşhəddə ayrı-ayrılıqda mitinqlər keçiriblər.

Ölkədə prezident İbrahim Rəisinin 19 may tarixində helikopter qəzasında ölümündən sonra bir il erkən olacaq prezident seçkiləri üçün gerisayma davam edir.

SİA-nın əldə etdiyi məlumata görə, seçkilərlə bağlı iki həftəlik gərgin kampaniya keçirən namizədlər son mitinqlərini qurublar.

İslahatçıların yeganə namizədi Təbriz millət vəkili Pezeşkiyan Təbrizin “Bağ şəmal” stadionunda böyük mitinq keçirib. O, buradakı çıxışında seçiciləri sandıq başına çağıraraq deyib: "Mən də sizin kimiyəm: sizə sadiqəm, sizdən artıq deyiləm. Mən bu torpağın övladıyam. Səsinizi hər yerdə daşıyacağam".

Parlament sədri və eyni zamanda Mühafizəkar olan Məhəmməd Baqir Qalibaf isə əvvəlcə paytaxt Tehran, sonra isə Məşhəddə tərəfdarları ilə görüşüb. O, Məşhəd mitinqindəki çıxışında iqtisadiyyatı proqnozlaşdırıla bilən hala gətirəcəyi, bahalıq və inflyasiya problemlərini həll edəcəyi vədini verib.

Səid Cəlili son mitinqini Məşhəddə keçirərək deyib: “Biz bu ölkədə bəzi adamların millətin milyardlarla dollarlıq kapitalını girov götürməsinə icazə verməyəcəyik. Onların hamısına qarşı durub mübarizə aparacağıq”.

Cəlili Rəisi ailəsinin Məşhəddəki evində də olub.

Seçkinin mühafizəkar namizədlərindən biri paytaxt Tehranın meri Əli Rza Zakani "X" sosial media hesabında paylaşdığı mesajda mühafizəkarlar lehinə seçkilərdən geri çəkildiyini açıqlayıb. Zakani həmçinin Məhəmməd Baqir Qalibaf və Səid Cəliliyə aralarında razılaşaraq mühafizəkarların seçkilərə vahid namizədlə daxil olmalarını təmin etməyə çağırıb.

İranda keçiriləcək prezident seçkilərində islahatçılar bir, mühafizəkarlar isə dörd namizədlə iştirak edirlər. Seçkilərin ikinci tura keçmə ehtimalı çox yüksəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə