Xameneinin seçicilərə çağırışı

İranda Konstitusiya Muhafizləri Şurası tərəfindən bir çox islahatçı namizədin sıradan çıxarılması seçkilərdə iştirak nisbətini aşağı salır

İranın dini başçısı Əli Xamenei seçiciləri 28 iyun tarixində keçiriləcək prezident seçkilərində fəal iştirak etməyə çağırıb.
SİA xəbər verir ki, İran dövlət televiziyasının məlumatına görə, Əli Xamenei 3 gün sonra keçiriləcək prezident seçkilərindən danışaraq bəyan edib ki, iştirak nisbətinin aşağı olması ölkənin düşmənlərini ümidli, xoşbəxt və məmnun edəcək.

İranın dini başçısı deyib: "Seçkilərdə yüksək iştirak məsələsinə bu qədər diqqət yetirməyimizin səbəbi İran İslam Respublikasının başını dik tutduğunu göstərməkdir".

İştirakın aşağı olduğu seçkilərdə ölkənin düşmənlərinin bu vəziyyətdən təbliğat məqsədi ilə istifadə etdiyinə işarə edən Xamenei qeyd edib ki, Seçicilər tənbəllik və səhlənkarlıq etməməli, buna yüngül yanaşmamalı, ölkənin hər yerində seçkilərdə iştirak etməlidirlər.

İranda prezidentin səlahiyyətlərinin məhdudlaşdırılması və Konstitusiya Muhafizləri Şurası tərəfindən bir çox islahatçı namizədin sıradan çıxarılması seçkilərdə iştirak nisbətini aşağı salır.

2021-ci ilin iyun ayında İranda keçirilən 13-cü prezident seçkilərində ölkə üzrə iştirak 48,8, paytaxt Tehranda isə 26 faiz olub. Bu rəqəm 1979-cu il İran İslam İnqilabından sonra prezident seçkilərində iştirakın ən aşağı səviyyəsi idi.

2024-cü ilin 1 mart tarixində keçirilən son parlament seçkilərində iştirak nisbəti daha da azalaraq 41 faizə düşmüşdü.

Bütün xəbərlər Facebook səhifəmizdə