Almaniyada müsəlmanlara qarşı hücumlar artıb

Almaniyada müsəlmanlara qarşı hücumlar 2023-cü ildə əhəmiyyətli dərəcədə artıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, İslamofobiya və müsəlmanlara olan düşmənçiliyə qarşı müxtəlif dərnəklər və vətəndaş təşəbbüsləri tərəfindən yaradılan CLAIM təşəbbüsünün illik hesabatı açıqlanıb. Hesabat 51 müsəlman və qeyri-müsəlman vətəndaş cəmiyyəti aktyorlarının bir araya gəlməsi ilə formalaşıb.

Hesabata görə, 2023-cü ildə ümumilikdə 1926 anti-müsəlman irqçilik hadisəsi sənədləşdirilib. Bunlara müsəlmanlara məxsus olduğu güman edilən məscidlərə, qəbiristanlıqlara və dini qurumlara 90-a yaxın hücum daxildir. 2023-cü ildə əvvəlki illə müqayisədə təxminən 114 faiz artım müşahidə olunub. Hadisələrin 66 faizi təhqir, təhdid və böhtan kimi şifahi hücumlardan ibarətdir. Qurbanların 62 faizi qadınlardır. Almaniyada müsəlmanlara qarşı irqçilik həyatın hər sahəsində, məsələn, ev axtarmaq, həkimə getmək və ya məktəbə getmək hadisələrində baş verir.

CLAIM məsələ ilə bağlı açıqlamasında Almaniya hökumətini və cəmiyyətini bu problemə qarşı tədbir görməyə çağırıb. "Bax və hərəkət et" şüarı ilə iyulun 1-dək davam edəcək kampaniyaya da start verib.

Bütün xəbərlər Facebook səhifəmizdə