Rumıniya Cənubi Koreyadan 920 milyon dollar dəyərində özüyeriyən haubitsa alacaq

Rumıniya Cənubi Koreyadan 920 milyon ABŞ dolları dəyərində “K-9” özüyeriyən haubitsa almaq planını qüvvədə saxlayır. SİA Yonhap agentliyinə istinadla xəbər verir ki, bunu Rumıniyanın müdafiə naziri Angel Tilvar Buxarestdə Cənubi Koreyadan olan həmkarı Şin Von-şik ilə görüşdə deyib. Bu, son 7 ildə Rumıniyanın ən iri məbləğdə silah alışı olacaq.

Cənubi Koreyanın müdafiə naziri Şin Von-şik ölkəsinin Rumıniyanın müdafiə qabiliyyətini modernləşdirməsi yolunda optimal tərəfdaşı olacağını deyib, haubitsa satışına dair müqavilənin birgə istehsal, müvafiq bölmələr arasında təlim və kadr mübadiləsi də daxil olmaqla geniş bir əməkdaşlığa səbəb olacağına ümid etdiyini söyləyib.

Tərəflər bundan başqa, hərbi təhsil, məlumat mübadiləsi, elm və texnologiya sahələrində də əməkdaşlığı dərinləşdirmək barədə razılıq əldə edib.

Qeyd edək ki, cari ilin aprelində Cənubi Koreya Prezidenti Yun Sok Yolun rumıniyalı həmkarı Klaus Verner İohannis ilə Seuldakı görüşündə hərbi və nüvə enerjisi sahəsində əməkdaşlığı genişləndirmək barədə razılıq əldə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə