Bakı Təşəbbüs Qrupu BMT-də müstəmləkəçiliyə dair beynəlxalq konfrans keçirib - FOTOLAR

Bakı Təşəbbüs Qrupu (BTQ) tərəfindən iyunun 20-də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında “Müstəqilliyə və fundamental azadlıqlara doğru: Müstəmləkəçiliyə son qoyulmasında C24 Komitəsinin rolu” adlı beynəlxalq konfrans keçirilib. SİA-nın məlumatına görə, konfransda Fransa və Niderlandın işğalı altında olan 8 ərazidən - Korsika, Fransız Qvianası, Qvadelup, Martinik, Maohi Nui (Fransız Polineziyası), Kanaki (Yeni Kaledoniya), eləcə də Sent-Martin, Bonayre, həmçinin ABŞ, Fransa, Braziliya, Qəmər Adaları İttifaqı, Qayana və Niderlanddan rəsmi şəxslər, müstəqillik hərəkatlarının rəhbərləri, dekolonizasiya üzrə ekspertlər, deputatlar və tədqiqatçılar iştirak ediblər. Eyni zamanda El-Salvador, Argentina, Suriya, Əlcəzair, Braziliya, Fələstin və Qəmər Adaları İttifaqının BMT-dəki Daimi nümayəndəliklərinin diplomatları konfransın işinə qatılıb.

Əvvəlcə Yeni Kaledoniyada ötən gün Fransa polisi tərəfindən öldürülən mülkü şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransda çıxışı edən Bakı Təşəbbüs Qrupunun şöbə müdiri Elgün Hacıyev bildirib ki, BTQ sayca 11-ci beynəlxalq konfransını təşkil edib və müstəmləkə ərazilərinin üzləşdiyi problemlər Fransanın tətbiq etdiyi blokadadan səmərəli şəkildə çıxmaqla dünya ictimaiyyətinin diqqətinə çatdırılıb. O, həmçinin əlavə edib ki, Yeni Kaledoniyada baş verən son hadisələr bir daha göstərir ki, problemin dondurulması məqsədəuyğun həll yolu deyil və bölgənin qanuni sahibləri olan yerli əhalinin dekolonizasiya tələbləri ciddi şəkildə nəzərə alınmalıdır.

Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov videomüraciətində qeyd edib ki, BTQ davamlı olaraq müstəmləkəçiliyə məruz qalmış regionlarda real vəziyyəti dünya ictimaiyyəti qarşısında qaldırır. O, təmsil etdiyi qurumun insan haqlarının təbliği və müdafiəsi vasitəsilə müstəmləkəçiliyin aradan qaldırılmasına vacib töhfə verəcəyinə inandığını bildirib. Onun sözlərinə görə, Bakı Təşəbbüs Qrupu müstəmləkə regionlarının azadlıq uğrunda ədalətli mübarizəsini dəstəkləməyə davam edəcək.

Daha sonra çıxış edən Fransız Polineziyasının hakim “Tavini” partiyasının Siyasi məsələlər üzrə direktoru Riçard Tuheyava deyib ki, müstəmləkəçi ölkə olan Fransa C24-də faktiki olaraq iştirak etmir və Fransız Polineziyası ilə bağlı BMT-nin Nizamnaməsinə uyğun addımlar atmır. Əlavə edib ki, təmsil etdiyi partiyanın əsas məqsədlərindən biri fəaliyyətlərini beynəlxalq ictimaiyyətə çatdırmaqdır. O, bu istiqamətdə “Tavini” partiyası ilə BTQ arasında əməkdaşlıq sazişinin imzalandığını qeyd edib və konfransın təşkili üçün Bakı Təşəbbüs Qrupuna təşəkkür edib.

Sent-Martin 1SXM Assosiasiyasının rəhbəri Rhoda Arrindel bildirib ki, Sent-Martinin bir hissəsində Fransa, digər hissəsində Niderland müstəmləkəçiliyi hökm sürür. Vurğulayıb ki, onlar bir xalqdırlar və bu konfrans vasitəsilə adadakı vəziyyəti dünya ictimaiyyətinə çatdırmağa çalışırlar.

Yeni Kaledoniyanın xarici işlər naziri Mikhael Forrest xalqının çətin dönəmdən keçdiyini diqqətə çatdırıb və Fransa polisi tərəfindən öldürülən mülki şəxslərin xatirəsinin yad edildiyi üçün konfrans iştirakçılarına təşəkkür edib. Bildirib ki, Bakı Təşəbbüs Qrupunun bu konfransı Yeni Kaledoniya kimi müstəmləkəçilikdən əziyyət çəkən xalqlara öz səslərini eşitdirmək imkanı yaradıb.

Tədbirdə Saint-Martin, Korsika, Martinik, Fransız Qvianası, Qvadelup və Bonayredən olan müstəqillik hərəkatı üzvləri onları müstəmləkə altında saxlayan Fransa və Niderland hökumətlərinin bu ərazilərdə həyata keçirdiyi kolonial siyasət, habelə ərazinin sahibi olan yerli xalqların fundamental hüquqlarının kobud şəkildə pozulması, təbii sərvətlərinin qanunsuz talan edilməsi və beynəlxalq öhdəlikləri yerinə yetirməməsi haqqında ətraflı məlumat veriblər və yerli xalqların tələblərinə məhəl qoymayaraq, hələ də müstəmləkəçilik siyasətini davam etdirməsini sərt şəkildə qınayıblar.

İştirakçılar təmsil etdikləri xalqların tələblərini və səsini dünya ictimaiyyətinə çatdıran Azərbaycana dərin minnətdarlıq ifadə ediblər və beynəlxalq platforma rolunu oynayan Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə müstəqilliyin uzaqda olmadığına inam ifadə ediblər.

Konfransın sonunda siyasi müraciət qəbul olunub. İştirakçılar BTQ tərəfindən təşkil edilən regional və qlobal tədbirlərdə iştiraklarını daha da fəallaşdırmağa dair öhdəlik götürüblər. Həmrəylik addımlarlarını gücləndirməklə bağlı qərar qəbul ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə