İyunun 18-də İtaliyanın cənubunda qayığın batması nəticəsində itən 3 immiqrantın cəsədi tapılıb.
SİA-nın əldə etdiyi məlumata görə, İtaliya Sahil Mühafizəsi Komandanlığına bağlı "Dattilo" gəmisi qayığın çevrildiyi Kalabriya bölgəsinin sahillərindən təxminən 100 mil uzaqlıqda itkin düşən 3 qanunsuz mühacirin cəsədini dənizdən çıxarıb.
İtaliya Sahil Mühafizəsi qrupları bölgədə axtarış-xilasetmə işlərini davam etdirərkən yarı batmış qayığın qalıqları araşdırılıb və içəridə heç kimin tapılmadığı qeyd edilib.
Sözügedən qayıqla bağlı xəbərlərdə bir yük gəmisinin 12 immiqrantı xilas etdiyi, 50-dən çox adamın itkin düşdüyü yazılıb, daha sonra itənlərin sayı 26-sı uşaq olmaqla 66 nəfər olaraq yenilənib.
Qeyd edək ki, Avropaya nizamsız miqrasiya axınında İtaliya, Malta, Liviya və Tunis arasında uzanan Mərkəzi Aralıq dənizi yolu son illərdə sıx aktivlik müşahidə edilən marşrutlardan biri olaraq önə çıxır. Hər il çox sayda nizamsız miqrant Aralıq dənizini keçmək istəyərkən qayıqların həddindən artıq dolu olması üzündən batır və ya susuz, havasız qalma, işlənmiş qazlardan zəhərlənmə kimi səbəblərdən həyatını itirir.
Bütün xəbərlər Facebook səhifəmizdə