Şimali Koreya bir ayda ikinci dəfə xətti keçdi

Koreya Xalq Demokratik Respublikasının (KXDR) silahlı qüvvələrinin 30-a yaxın əsgəri iki Koreya arasında faktiki sərhəd olan hərbi demarkasiya xəttini keçməyə cəhd edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Yonhap” agentliyi Cənubi Koreya silahlı qüvvələrinin baş qərargahına istinadla xəbər yayıb. Bildirilir ki, hadisə yerli vaxtla saat 08:30 radələrində baş verib. Cənubi Koreya əsgərləri səsgücləndirici vasitələrlə xəbərdarlıq edib, daha sonra havaya xəbərdarlıq atəşi açıblar. Nəticədə Şimali Koreya əsgərləri geri qayıtmağa məcbur olub.

Cənubi Koreya silahlı qüvvələrinin qərargahı KXDR-in apreldən bəri sərhəddə xeyli canlı qüvvə topladığını, yeni yollar çəkdiyini, mühəndis-istehkam işlərinə başladığını, hətta əraziyə minalar basdırdığını açıqlayıb.

Qeyd edək ki, bu, iyun ayında 2-ci oxşar hadisədir. İyunun 9-da Şimali Koreya əsgərləri demilitarizasiya zonasındakı (DMZ) demarkasiya xəttini keçməyə cəhd etmişdilər. Cənubi Koreya hərbçilərinin xəbərdarlıq atəşindən sonra geri qayıtmağa məcbur olmuşdular.

Bütün xəbərlər Facebook səhifəmizdə