“Türkiyənin həlledici rolu Qarabağ münaqişəsinin həllində özünü göstərdi”

Türkiyənin maraqlarını pozan status-kvonun yaradılmasına yol verməyəcəyik

“Müasir Türkiyə qlobal oyunçu və beynəlxalq danışıqlar üzrə proseslərin əvəzolunmaz memarlarından biridir”, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Güler iyunun 16-da Baş Qərargah rəisi Mətin Gürakın və qoşun komandanlarının iştirakı ilə keçirilən müşavirədə deyib.

SİA xəbər verir ki, Yaşar Gülerin sözlərinə görə, Türkiyənin həlledici rolu Qarabağ münaqişəsinin və Liviyada vətəndaş müharibəsinin sona çatmasında xüsusilə özünü göstərib.

“Bu günədək rəsmi Ankara Yaxın Şərqdəki ziddiyyətlərin həlli üçün diplomatik səylər göstərir, münaqişə zonalarına humanitar yardım göndərir, Ukraynada qan tökülməsinə son qoymağa və nəticədə enerji və ərzaq böhranlarını aradan qaldırmağa çalışır. Bütün bunlar Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında ölkəmizin həyata keçirdiyi dəyərli təşəbbüslərdir”, - deyə türkiyəli nazir bildirib. Onun sözlərinə görə, Ankaranın beynəlxalq aləmdə nüfuzunun güclənməsi fonunda Türkiyə Silahlı Qüvvələrinin xaricdəki missiyalarının əhatə dairəsi genişlənir.

Müdafiə naziri dünyadakı qeyri-müəyyənliyə, o cümlədən Türkiyə sərhədlərində gərginlik və böhran zonalarının artmasına diqqət çəkib.

“Türkiyə ordusu bu gün də İraqın şimalında və Suriyada terrorçulara qarşı fəal mübarizəni davam etdirir. Türkiyənin maraqlarını pozan status-kvonun yaradılmasına yol verməyəcəyik”, - deyə Güler vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə